Xəbər lenti

Siyasət 16:51 29.12.2023

Rusiya XİN rəhbərinin bu açıqlanması nəyə hesablanıb? (ŞƏRH)

"Lavrov bu açıqlaması ilə demək istəyib ki, sülh müqaviləsində Moskvanın maraqları nəzərə alınmayacaqsa, onlar güc variantından istifadəyə keçə bilərlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovun Rusiyanın nəzarətindən kənar sülh danışıqlarının heç bir nəticə verməyəcəyi barədə təhdid dolu fikirlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, sülh danışıqları son mərhələyə yaxınlaşdıqca ona uyğun olmayan formatların olacağı təqdirdə Rusiyanın özünü aqressiv aparacağı gözləniləndir:

"Sankt-Peterburqdakı son tədbir və Azərbaycanla Ermənistan nümayəndələrinin açıqlamaları göstərir ki, sülh müqaviləsinin imzalanması mərhələsinə yaxınlaşmışıq. Hətta açıq şəkildə elan olunur ki, bir  çox maddələr üzrə aradan olan mübahisələr sıfıra endirilib. Sankt-Peterburqdakı münasibətlər də  göstərdi ki, tərəflər məsələni Rusiya və Qərbin simpatiya etmədiyi formatlarda da həll edə bilərlər. Lavrovun həmin çıxışı da yaranan belə bir vəziyyətə cavabdır. Moskva təhdid edir ki, danışıqların ən yaxşı formatı prosesin üçtərəfli şəkildə davam etdirilməsidir. Digər tərəfdən, Rusiya Qafqazdakı, daha doğrusu Ermənistandakı hərbi hissə və Qarabağda işsiz qalan sülhməramlı qoşunların yerində qalmasını istəyir". 
 


Ekspert qeyd edib ki, Lavrovun bu təhdidi ilk növbədə Ermənistana qarşı yönəlib. Bununla belə, o, Azərbaycanı da ehtiyatlı davranmağa çağırıb: 

"Rusiyanın Ermənistana təhdidlərinin artması elə bil bəzi hallarda Azərbaycan jurnalist və siyasilərini də sevindirir. Amma anlamalıyıq ki, bu çomaq  ikibaşlıdır. Özümüzü Rusiyaya nə qədər şirin  göstərsək də, hər şey onun ayağının basdalayacağı ana qədərdir. Ötən illərin təcrübəsi göstərir ki,  həmin anda Moskva çomağın digər üzünü asanlıqla çevirəcək. Moskvanın təhdidləri ilk növbədə əlbəttə  ki, Ermənsitana qarşı yönəlib. Amma unutmayaq ki, bu çomaq ikibağlıdır. Onun bir tərəfi Azərbaycanı, bütün Qafqazı da tuta bilər. Çünki Rusiyanın yanaşma tərzi forma baxımından fərqli olsa da, mahiyyətcə eynidir".

Qeyd edək ki, Sergey Lavrov Ermənistan Azərbaycan münaqişəsinin nizamlanmasına dair Rusiyanın mövqeyini ifadə edən açıqlamalar verərək, Kremlin nəzarətindən kənar sülh danışıqlarının heç bir nəticə verməyəcəyini bəyan edib. Münaqişənin həllinin yalnız Rusiya-Ermənistan-Azərbaycan arasında əldə edilmiş üştərəfli saziş əsasında mümkünlüyündən danışan Lavrov Ukraynada mövcud olan vəziyyətin Cənubi Qafqazda da təkrarlana biləcəyini bildirib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->