Dünya 18:00 17.04.2022

"Rusiyanın defoltu an məsələsidir" - Ursula fon der Lyayen

"Rusiya Federasiyasına qarşı sanksiyalar hər həftə ölkənin iqtisadiyyatına daha dərindən nüfuz edir. Ona görə də Rusiyanın defoltu an məsələsidir".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Bild"ə müsahibəsində bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O, Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların çox yumşaq olması barədə iddiaları qəbul etməyib:

"Hər həftə sanksiyalar Rusiya iqtisadiyyatına daha da dərinləşir. Rusiyaya ixrac 70 faiz azalıb. 700 Rusiya təyyarəsi ehtiyat hissələri və proqram təminatının yenilənməsinin olmaması səbəbindən lisenziyalarını itirib. Yüzlərlə iri şirkət və minlərlə mütəxəssis Rusiyadan üz döndərirlər". 
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, hazırkı proqnozlara görə, Rusiyanın ümumi daxili məhsulu 11 faiz azalacaq:

"Rusiyanın defoltu an məsələsidir. Bu müharibə ilə Putin həm də öz ölkəsini və xalqının gələcəyini məhv edir".

Qeyd edək ki, Ursula fon der Lyayen daha əvvəl Rusiyaya qarşı yeni sanksiyaların neft və bank sektoruna, xüsusilə "Sberbank"a qarşı yönələcəyini deyib. Onun sözlərinə görə, "Sberbank" hələ də sanksiyalara məruz qalmayıb, çünki o, Avropa İttifaqı ölkələrinin Rusiya Federasiyasından aldığı neft və qazın pulunun ödənilməsi üçün əsas kanallardan biridir.

O qeyd edib ki, Avropa İttifaqı neftin gələcək məhdudlaşdırıcı tədbirlər paketinə daxil edilməsi üçün "ağıllı mexanizmlər” üzərində işləyir.

Aydın