Dünya 16:34 27.10.2022

Rusiyanın “taxıl sınağı” nə ilə başa çatacaq? - Politoloq

Noyabrın 19-da İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair imzalanan sazişin müddəti başa çatır. 4 tərəf arasındakı bu saziş iyulun 22-də imzalanıb. Sənədə əsasən, Ukrayna öz taxılını Qara dəniz sahillərindən keçməklə Türkiyəyə yönəldib, buradan dünyanın istənilən məntəqəsinə göndərə bilər. 

Ötən müddət ərzində Ukrayna öhdəliklərə əməl edərək, xeyli miqdar məhsulu Avropa, Asiya və Afrika bazarlarına yönəldə bilib. Lakin son zamanlar Rusiyanın addımları, ən yüksək rəsmilər səviyyəsində səslənən fikirlər belə düşünməyə əsas verir ki, Kreml bu sazişin uzadılmasında maraqlı deyil. Çünki saziş imzalanan dövrdə Moskva bunun müqabilində özünə münasibətdə Qərbin tətbiq etdiyi sanksiyaların yumşaldılacağına ümid edirdi. Lakin göründüyü kimi, sanksiyalar nəinki yumşalmadı, əksinə daha da sərtləşdi. Bu mənada, Kreml sazişin müddətinin uzadılacağı keçən dəfə alınmasa da, bu dəfə özü üçün əlverişli güzəştlər qoparmaq niyyətindədir. 

Taxıl sazişinin müddəti daha bir zamana qədər uzadılacaq, yoxsa, Rusiya artıq ona "stop” deyəcək? 
 
Politoloq Tural Rzayev Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, Moskva özü üçün güzəşt əldə etməyəcəyi təqdirdə, "taxıl sazişi”nin uzadılmasını əngəlləyə bilər:

"Rusiya çalışır ki, taxıl sazişinin müddəti uzadılmasın. Çünki həmin saziş imzalananda Moskvanın iki məqsədi olub. Rusiya çalışırdı ki, öz ərazisində taxılı sata bilsin. Yəni ona qarşı yönələn sanksiyalar yumşalsın. Digər tərəfdən, həmin dövrdə Ukrayna ilə sülh məsələsi gündəmdə idi. Putin düşünürdü ki, bu minvalla prosesi tezləşdirə və atəşkəsə nail ola bilər. Bir sözlə, Moskva vaxt udmaq istəyirdi. Lakin bəlli oldu ki,  Kiyev ABŞ və Britaniyanın dəstəyilə sülh sazişinə getməkdən uzaqdır. Yaranmış vəziyyət də Rusiyanın sülh ümidlərini puç etdi. 

Moskva həmçinin bununla öz taxılına qoyulan embarqonun aradan qaldırıla biləcəyini düşünürdü. Ticarət aktivliyini artırmaq niyyətində idi. Lakin Qərb Ukrayna taxılının satılmasına icazə alsa da, Rusiyanın taxılını almır. Bu mənada Rusiyanın taxıl sazişini uzatması gözlənilmir. Ya da Moskva Türkiyə və BMT-nin xüsusi xahişilə özünü humanist göstərmək üçün sazişin vaxtını uzada bilər”. 

Rüfət Sultan