Dünya 17:34 05.03.2024

"Rusiyaya qarşı sanksiyalar işləmir" - Ekspert

"Avropa Rusiyadan sıxılmış qazın alınmasına qadağa qoymaq istəmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Avropa İttifaqının 2025-ci ildən başlayaraq Ukrayna qazının tranzitindən imtina edəcəyilə bağlı Qərb rəsmilərinin fikirlərini şərh edərkən deyib.

"Ukraynanın baş naziri dünən belə bir bəyanat verdi ki, Avropa istəsə, 2025-ci ildə də qaz tranzitini davam etdirə bilərlər. Bu da onu göstərir ki, Kiyev hələlik Avropaya qaz tranzitindən tam imtina etmək istəmir. Nə qədər qəribə səslənsə də, iki ildir müharibə gedir, amma tranzit də davam edir. Hətta Moskva Kiyevə tranzit gəlirləri də ödəyir. Qəribə bir mənzərə yaranıb. İki ölkə müharibə edir. Amma ərazisindən müharibə edən ölkənin qaz tranzitinə imkan verir. Avropa İttifaqı qaz ehtiyacının ödənilməsi üçün çoxdan başqa mənbələr axtarıb və əsasən də buna nail olub", deyə Natiq Cəfərli bildirib.
 


Ekspert bildirib ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır:

"Avropa Rusiyadan sıxılmış qazın alınmasına isə qadağa qoymaq istəmir. Düzdür, Avropanın Rusiyadan qaz asılılığı xeyli azalıb. Cəmi 15 faizə  düşüb. Əvvəllər isə 30 faizdən çox idi".

Bununla belə, ekspert deyir ki, Avropa tankerlərlə Rusiyada qaz almaqda isə hələlik maraqlıdır:

"Çünki Rusiyadan alınan bu qaz ABŞ-dan alınandan iki dəfəyə qədər ucuzdur. Ona görə də Avropa Rusiya ilə bu sahədəki əməkdaşlığı hələlik dayandırmaq istəmir. Qəribə mənzərə yaranıb. Rusiyaya qarşı sanksiyalar da əsasən işləmir. Bəzi sahələrdə münasibətlər də davam edir. Nəticə etibarı ilə müharibə davam edir və minlərlə insan həlak olur. Bu müasir dünyanın yeni bir qəribə mənzərəsidir".

Qeyd edək ki, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Avropa İttifaqının 2025-ci ildən Ukrayna qazının tranzitindən imtina edəcəyini bildirib:

"Hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir. Bununla yanaşı, komissar etiraf edib ki, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışına qadağa qoyulmasını dəstəkləmir. 

Rüfət Sultan