Ölkə 11:31 15.01.2023

Rüşvətə görə həbsdə olan sabiq baş həkim 235 minlik dələduzluğu necə edib?

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın cinayət işinin detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1970-ci ildə Şirvan şəhərində anadan olan təqsirləndirilən şəxs ikinci dəfə məhkəmə qarşısına çıxarılıb.

Belə ki, Könül Abbasova Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.

Həmçinin Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edib alıb.

Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından 1 nəfər işçinin 4 aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü Könül Abbasova 8 il müddətinə azadlıqdan məhrum olunub.

Sabiq həkim həbsdə olan zaman daha bir cinayət işi üzə çıxıb. O, qabaqcadan əlbir olan bir qrup şəxslə zərərçəkmiş Rəfiqə Həsənovanın (soyadı şərti) vəzifəli şəxslər arasında olan yaxın tanışları vasitəsilə 105 000 manat müqabilində qadının övladını daxili işlər orqanlarında təhqiqatçı vəzifəsinə, onu  kürəkənini isə 100 000 manat müqabilində Bakı şəhəri, Nizami və ya Xətai rayonları üzrə Rabitə qovşağının rəisi vəzifəsinə təyin etdirəcəyini vəd edib. Daha sonra Könül Abbasova Rəfiqə Həsənovaya daha bir yalan söyləyərək onu inandırıb ki, zərərçəkmişin ərinin məhkumluğunun 30 000 manat müqabilində Daxili İşlər Nazirliyinin bazasından çıxarması imkanı var. Qadın da oğlunun işə düzəldilməsi üçün ona 2020-ci ilin noyabr ayının 16-17 tarixlərində "Milan" hospitalında ilkin olaraq 25000 manat, 2021-ci ilin mart ayının 15-16 tarixlərində 75 000 manat, mart ayının 28-də 5000 manatı həmin ünvanda, kürəkənini Rabitə qovşağına rəis təyin edilməsi üçün 2021-ci ilin aprel ayının 25-də Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında 50 000 manat, 2021-ci ilin may ayının 6-da Nərimanov rayonu ərazisindəki 1 saylı "ASAN" xidmətin qarşısında 50 000 manat verib. Bundan başqa, Samir adlı şəxs Könül Abbasovanın tapşırığı ilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya idarəsində məhkumluğunun olmaması və hazırda olmadığı barədə qanunsuz hazırlanmış sənəd əldə edib. Təqsirləndirilən şəxs həmin sənədi zərərçəkmişə göstərməklə saxta sənəddən istifadə edib, onu inandırıb və buna görə 2021-ci ilin may ayının 8-də qadının evində ondan 30 000 manat pul alıb. O, Rəfiqə Həsənovanın ümumilikdə 235 000 manat pulunu dələduzluq yolu ələ keçirib. Daha sonra təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyib. Zərərçəkmişin şikayəti əsasında Könül Abbasovaya daha bir cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.