Ölkə 14:40 15.11.2021

Şagirdin adından saxtakarlıq edən müəllimə cinayət işi açıldı

Siyəzən şəhəri 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 nömrəli uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinifə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Bu barədə Qaynarinfo-ya Siyəzən Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinifə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinifə buraxılmaması müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.