Ölkə 17:31 27.01.2023

Savaşda iştirak edən həkimlər narazıdır - Onlara müharibə veteranı adı verilmir

"44 günlük müharibədən iki ildən çox vaxt keçib, lakin hələ də savaşda iştirak edən həkimlərə və onların sürücülərinə müharibə veteranı adı verilməyib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xətai rayonu Təcili Tibbi Yardım Stansiyanın həkimi Elçin Zeynalov deyib. Həkim 44 günlük müharibədə Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Daşaltı əməliyyatlarında iştirak etdiyini vurğulayıb:
 
"Demək olar ki, Şuşa ətrafına kimi getmişəm. Biz 44 günlük müharibədə iştirakımızla bağlı ərazi üzrə hərbi komisarlıqda qeydiyyatda olmuşuq və bu hərbi biletimizdə qeyd olunub. Biz Xətai rayon Təcili Tibbi Yardım Stansiyasında işləyirik. Həmin idarədən bizim müharibədə iştirakımızla bağlı təşəkkürnamə verilib, bayramlarda bizə dövlət tərəfindən yardımlar olunur”.

Elçin Zeynalov məsələ ilə bağlı TƏBİB və Müdafiə Nazirliyinə müraciət etdiyini qeyd edib:
 
"Müdafiə Nazirliyi deyir ki, TƏBİB onlara siyahı göndərməlidir və bu siyahı hələ də onlara verilməyib. İki il keçib, TƏBİB nə işlə məşğuldur? Bu vaxta kimi hansı həkimin harada qulluq etdiyini açıqlamayıb. Məsələ ilə maraqlananda TƏBİB siyahı yığdığını deyir”. 

Elçin Zeynalov onlara müharibə veteranı adının verilməsini tələb edir:

"Mənim 40 yaşım var, 3 uşaq atasıyam, vətəndaşlıq borcumu yerinə yetirmişəm. Övladlarım bilməlidir ki, ataları harada olub. Bizə də müharibə veteranı adı verilməlidir, amma uşaqlarım hansı sənədlə fəxr etsin? Mənim iş yoldaşım şəhid oldu, ona şəhid statusu verilib. Mən də ölə bilərdim. Müharibə veteranı adını almaq üçün ölməliydim”?

Hərbi ekspert Ədalət Verdiyev Qaynarinfo-ya bildirib ki, Azərbaycan qanunvericiliyi müharibə veteranı adı müvafiq döyüş tapşırıqlarını yerinə yetirən heyətə təqdim edilməsi üçün nəzərdə tutulduğunu deyib:
 

 
"Həkimlər, sanitar heyət, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları, onların sürücüləri müharibə zamanı ən qaynar nöqtələrdən yaralanmış və xəsarət alan şəxsi heyətin həyatını xilas etmək üçün böyük fəaliyyətləri olub, ciddi əmək sərf ediblər. Lakin onlara hələ də adların verilməsi məsələsi həll olunmayıb. Hesab edirəm ki, məsələnin həlli üçün qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirilməlidir. Onların arasında mənim şəxsən tanıdığım həkimlər var ki, müharibə veteranı adına layiq görülməyib. Onların həyata keçirdiyi funksiyalar hərbi tibbi personalın həyata keçirdiyi funksiyalardan çox da fərqlənmir. Hesab edirəm ki, məsələni həll etmək vacibdir”. 

TƏBİB 44 günlük müharibədə iştirak edən həkimlərə və onların sürücülərinə müharibə veteranı adı verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentindən Qaynarinfo-ya verilən məlumata görə, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan və döyüş əməliyyatlarında iştirak edən şəxslərin sənədləri aidiyyatı qurumlara ünvanlanıb:

"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahı və təsdiqedici məlumatlar (hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) sözügedən şəxslərə müharibə veteranı statusunun verilməsi məsələsinə baxılması üçün aidiyyəti dövlət orqanına təqdim olunub”.

Bahar Rüstəmli