Xəbər lenti

Ölkə 19:17 03.04.2024

Sələmə pul verən oruc tutanlar günah edirmi? (ŞƏRH)

Bu gün cəmiyyətdə ən çox müzakirə mövzularından biri də bəzi oruc tutanların sələmə pul verməsidir. Xüsusi ilə də Ramazan ayında. El arasında deyirlər ki, oruc tutan insan sələmə pul verirsə, onun orucu Allah yanında qəbul edilmir. 

İslam dini sələm haqqında nə deyir? Sələmə pul verən adamların orucu qəbul olunurmu? Ramazan ayında sələmə pul verənləri nə gözləyir? 

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, islam dini faiz almaq məsələsinə çox kəskin və sərt şəkildə yanaşır:

"Bu məsələyə münasibəti Qurani-Kərimdəki ayələrlə bəyan edilir və faiz böyük günahlar sırasında sadalanır. Allah-Təala Qurani-Kərimin "Bərəqə”  surəsinin 275-ci ayəsində faiz alanları "şeytan çarpmış kimi qalxacaqları" barədə xəbərdar edir və  faiz almaq, yaxud faiz vermək məsələsini qəti qadağan edir. Bəzi hədis müəllifləri isə qeyd edir ki, islam peyğəmbəri faizə pul, yaxud mal verənləri, hətta bu işə şahidlik edənləri belə lənətləyir. Əgər sizin dediyiniz kimi, hansısa din adamı sələmə pul verirsə, o zaman bu insan hansısa dinin mənsubu olubsa, demək, islam din adamı ola bilməyib. Allahın qadağan etdiyi, böyük günahlardan sayılan, peyğəmbərin lənətlədiyi bir əməli işləmək dini inancla bir araya sığan iş deyil".
 


Rəsul Mirhəşimli əlavə edib ki, heç bir müsəlman adının şeytanla qoşa çəkilməsini əsla istəməz:

"Faiz verənlər, sələm yeyənlərin adları bu lənətlənmiş məxluqla eyni çəkilir. Özünə hörmət edən, müsəlman olduğunu iddia edən kimsə bu cür çirkin əməllərin daşıyıcısı ola bilməz. Belə çirkin işləri də özünə və inancına uyğun görməz".

Rəsul Mirhəşimli islam dini insanlara qazancın halalını və zəhmətlə əldə edilənini tövsiyə etdiyini vurğulayıb:

"Bu tövsiyələrə qarşı gələnlər isə əməlləri ilə Allahın əmrlərini inkar etmiş olurlar. Dini terminologiya belə insanları münkir (inkar edən) adlandırır, bu qəbildən olan insanların cəzası isə həm dünya həyatında, həm də axirətdə ağır olur. Allahdan qorxmayan insan üçün hər yol mübah görünür. Bu adamlar istər müsəlman olsun, ya olmasın. Hüdudları aşanlar üçün hər şeyin bəhanəsi tapılır. Allah isə həddi aşanları sevməz". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->