İdman 15:21 18.03.2023

Sənan Qurbanov İsveçrədə nə görüb, nə götürdü?

UEFA-nın mənzil qərargahında Pro kursu tələbələrinin bilik və təcrübə mübadiləsi tədbiri keçirilib. İnstruktorlar Aslan Kərimov və Arif Əsədovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib. Tədbirdə UEFA-nın xüsusi qonaqları Rafael Benitez ve Giovanni van Bronckhorst da istirak ediblər. 

İsveçrəyə gedən azərbaycanlılar arasında "Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov da vardı. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında səfər təəssüratlarını bölüşüb.

"PRO kurslarında oxuyarkən Pandemiya ilə əlaqədar ora gedə bilməmişdik. İmtahanları vermək üçün 17 ay oxuduq. Ona görə də indi səfər təşkil olundu. Bilirik ki, UEFA-nın seminarları həmişə yaxşı olur. Ona görə də yaxşı qarşıladıq. Artıq hamı PRO kateqoriyasını almışdı. Danimarka, Çexiya, İslandiyadan, həmçinin qadın futbolundan da nümayəndələr vardı. Hansı ki, PRO kursları onlarda hələ davam edirdi. Kurslar 3 gün davam etdi. Həm Rafael Benitez, həm Covanni van Bronkhorst öz məşqçilik dönəmindəki təcrübələrini bölüşdülər. İnstruktorlar proqrama əsasən çıxışlarını etdilər. Videolar nümayiş olundu. Pep Qvardiolanın 28 yaşlı köməkçisi vardı, çox maraqlı çıxış etdi. Çox faydalı oldu. Məşqçilərin belə seminara getməsi, onlar üçün çox faydalıdır, yeniliklər görürsən. Seminarda hər kəs öz sualını da verə bilirdi. Qruplara bölündük, müzakirələrimizi apardıq. Verəcəyim suallardan biri də 300 min əhalisi olan İslandiyanın Avropa çempionatında çıxış etməsi idi. Çox maraqlı seminar keçdi. Benitez yaşda bir avropalı hər yenilikdən xəbərdardır. Onları həyata keçirməyə çalışırlar. Onun həqiqətən möhtəşəm məşqçi olduğunu bir daha gördük. Zalı ələ ala bildi, çox yaxşı danışıq tərzi var. Bəzən görürsən ki, bu cür məşhur məşqçilər seminarlarda bir çox materialları gizlədirlər. Ancaq Benitez videolarla, müxtəlif materiallarla gəlmişdi”.

Maraqlıdır bu cür dünya şöhrətli məşqçilərin Azərbaycan futbolu haqda fikirləri necədir?
 


"Onlarla sırf Azərbaycan futbolu barəsində danışmadıq. Biz orada təqdimat hazırladıq. Bəlkə də bunu gözləmirdilər. Çox güclü təqdimat hazırlamışdıq. Seminarda bəyənildi, UEFA-nın instruktorları xüsusi vurğuladı. Seminarda deyilənləri necə qavradığımızı onlara yaxşı şəkildə çatdırdıq. Den Haaqın köməkçisi olmuş Olsenlə bir qrupda idik. Az da olsa Azərbaycan haqda məlumatı var idi. Onların da bizə sualları oldu. Sırf Rafael Benitezlə Azərbaycan futbolu haqda danışmağa vaxt olmadı. Çünki o, səhnədə idi, yeni tendensiyalarla bağlı fikirlərini bölüşürdü. Müdafiədən oyun qurmaqla bağlı sual verdik. Açıqlamalar verdi. PRO kurslarının tələbi olduğu üçün ora yollanmışdıq. Sertifikat da verdilər. Modullardan biridir, bu olmalıdır. Artıq kurslar bitdi. Yeganə ölkə nümayəndələri idik ki, PRO-nu alıb, sonra getmişdik”.

Qurbanov hazırda işsiz olan PRO kateqoriyalı məşqçi karyerasında yenilik olub-olmaması ilə bağlı da danışıb:

"10 komanda var, bilirsiniz ki, Premyer Liqada iş tapmaq çətindir. Digər variantları menecerlərlə, futbol adamları ilə müzakirə edirəm. Necə olacaq bilmirəm. Xaricə çıxmaq da bizim üçün müşkülə çevrilib. Yayda çalışacağam ki, hansısa şəkildə kömək edim. Həm PRO kursları, həm seminarlar çox faydalı oldu. Yaşadığımız təcrübə var, bilməliyik ki, nəyi analiz edirik, niyə plan tuturuq? Yayı gözləmək məcburiyyətindəyəm”.

Səbuhi Həsənov