Dünya 13:14 24.11.2022

Serbiya müxalifəti Rusiyaya qarşı sanksiyalar layihəsini parlamentə təqdim edir

Serbiya hökumətinə xarici siyasəti Avropa İttifaqına ilə uyğunlaşdırmaq və "təcrid olunmamaq” üçün dərhal Rusiyaya qarşı sanksiyalar tətbiq etmək təklif edilib.

Qaynarinfo bu barədə Serbiya mediasına istinadən xəbər verir.

"Biz Aİ üzvlüyünə yeganə namizədik ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməmişik. Biz yenidən təcrid olunmaq təhlükəsi ilə üz-üzəyik”, deyə Serbiya parlamentinin vitse-prezidenti Borko Stefanoviç bildirib.

Onun sözlərinə görə, noyabrın sonuna kimi Rusiya əleyhinə sanksiyaların tətbiqi təklifini Xarici Əlaqələr Komitəsinə göndərəcək və buna Milli Assambleyada baxılacağına ümid edir. Serbiya Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərə qoşulmasa, o zaman 10 mindən çox şirkət və 300 min işçi, həmçinin Aİ ölkələri ilə ticarət risk altında olacaq.

Serbiya "bərpa olunan virtual Berlin divarının o biri tərəfində" qalmamalıdır, - Stefanovic vurğulayıb. Eyni zamanda, Serbiyanın sanksiyalarının tətbiqi Rusiyanı heç bir şəkildə təhdid etməyəcək, çünki məhdudiyyətlər paketi "kiçik miqyasda olacaq”. Parlament sədrinin müavini xəbərdarlıq edib ki, əks halda, Belqrad Aİ ilə çətin siyasi və iqtisadi münasibətlərlə üzləşəcək.

"Ölkəmizə təcrid təhlükəsindən qaçmağa kömək etməliyik. Serbiya öz namusuna və maraqlarına görə kənarda dayanıb baş verən dəyişiklikləri görmədiyini iddia edə bilməz. Biz emosiyaların deyil, maraqların arxasınca getməliyik”, – Stefanoviç yekunlaşdırıb.

Noyabrın əvvəlində "Financial Times” yazıb ki, Serbiya hökuməti Rusiyadan enerji asılılığını azaltmaq imkanlarını araşdırır və Rusiya tədarükünü əvəz edəcək imkanlar axtarır. Mənbələr bildiriblər ki, Belqrad ölkənin əsas neft şirkəti NIS-in nəzarət paketini Qazpromneftdən almaq qərarına gəlib, lakin danışıqlar dalana dirənib.

Dekabrın 5-də qüvvəyə minəcək Rusiya neftinə qarşı embarqo Xorvatiyanın Adria qaz kəməri ilə Rusiyadan Serbiyaya yanacaq tədarükünü qeyri-mümkün edəcək. Bu səbəbdən NIS şirkətinin bağlanmaq ehtimalı var. Bunun qarşısını almaq üçün hakimiyyət enerji sistemlərini Macarıstan, Bolqarıstan, Rumıniya və Şimali Makedoniya ilə birləşdirməyi düşünür. "Biz Avropada müharibələrə öyrəşməmişik, amma indi hər şey başqa cürdür. Demək olar ki, hər şey dəyişib. Ona görə də biz tələsirik”, - Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

Eyni zamanda, noyabrın 10-da Fransa prezidenti Emmanuel Makronla görüşdə Vuçiç bildirib ki, Belqrad Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yalnız "başının üstündə Domokl qılıncı” ilə dəstəkləyəcək. "Biz 2015-ci ildə bizi müdafiə edənlərə və ölkəmizin ərazi bütövlüyünün qorunması məsələsində bizə kömək edənlərə qarşı sanksiya siyasəti aparmırıq. Bu, bizim mahiyyətimizdir, siyasətimizdir... Əgər sözün əsl mənasında başımızın üstündə Domokl qılıncı olsa, bu halda bundan imtina edə bilərik”, - Vuçiç bildirib.

Nizami Bağırov