Dünya 18:50 21.11.2022

Serbiya və Kosovo arasında danışıqlar uğursuzluqla başa çatıb - "Blic"

Serbiya prezidenti Aleksandar Vuçiç və qismən tanınan Kosovonun baş naziri Albin Kurti arasında aparılan danışıqlar uğursuzluqla başa çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Serbiyanın "Blic” qəzetinin mənbəsi məlumat yayıb.

Nəşrin yazdığına görə, Kosovo nümayəndələrinin şərtlərindən biri iki ölkənin 2013-cü ildə imzaladığı və danışıqlar prosesinin əsas istiqamətlərini qeyd edən Brüssel razılaşmalarına zidd olub. Qəzetin mənbəsi "xüsusilə Kosovonun şimalında və Metohiyada çətin və qeyri-müəyyən günlər” gözlədiyini bildirib.

Qəzet yazır ki, Vuçiç bu axşam, noyabrın 21-də vətəndaşlara xüsusi müraciətlə müraciət edəcək.

Nəşrin məlumatına görə, bu gün Avropa diplomatiyasının rəhbəri Josep Borrell və Aİ-nin Belqrad və Priştina arasında dialoq üzrə elçisi Miroslav Layçak ilk olaraq Kurti və Vuçiçlə ayrı-ayrılıqda görüşlər keçiriblər. Daha sonra üçtərəfli görüş baş tutub.

Danışıqların məqsədi ilk növbədə Kosovonun şimalında və Metohiyada eskalasiyanın qarşısını almaqdır. Mübahisələrin kəskinləşməsi noyabrın 1-dən qüvvəyə minən Kosovoda serb avtomobillərinin nömrələrinə qoyulan qadağa ilə bağlıdır. Qadağaya əməl etməməyə görə cərimə 150 avrodur. 21 aprel 2023-cü il tarixindən sonra Kosovo hakimiyyəti Serbiya nömrəli avtomobilləri müsadirə edəcək.

Noyabrın 5-də nömrələrə qoyulan qadağaya cavab olaraq, Kosovo və Metohiyadan olan serblər qismən tanınan dövlətin bütün hakimiyyət qurumlarını tərk ediblər. 2013-cü il Brüssel razılaşmalarına əsasən, Kosovoda Serb özünüidarə orqanı Serb Bələdiyyələri İcması (SCM) yaradılmalıdır. 2015-ci ildə Kosovo Konstitusiya Məhkəməsi SCM-nin çoxmillətlilik prinsipini pozduğuna görə Kosovonun Əsas Qanununa zidd olduğuna qərar verib. O vaxtdan bəri Kosovo hakimiyyəti SCM-nin formalaşdırılması üçün hansısa addım atmaqdan imtina edib.

Nizami Bağırov