Siyasət 09:04 23.07.2022

Səudiyyə Ərəbistanı uğrunda mübarizə: Kim qalib gələcək? - Politoloq

Son zamanlar ABŞ və Rusiya neftlə zəngin Səudiyyə Ərəbistanını öz tərəfinə çəkmək uğrunda mübarizəyə başlayıblar. Dünən Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb. Danışıqlarda tərəflər qlobal neft bazarının vəziyyətini müzakirə edib və OPEC+ çərçivəsində daha çox koordinasiyanın vacibliyi vurğulayıblar. 

Kremldən bildiriblər ki, iki lider söhbətdə Rusiya və Səudiyyə Ərəbistanının "qlobal enerji bazarında lazımi tarazlığı və sabitliyi qorumaq üçün mütəmadi olaraq öz vəzifələrini yerinə yetirdiklərini” diqqətə çatdırıblar. Maraqlıdır ki, Putinin bu zəngindən 6 gün əvvəl ABŞ Prezidenti Co Bayden Yaxın Şərq turnesi əsasında Ciddədə şahzadə Məhəmməd bin Salman ilə görüşüb.
 
Bu görüşlər Vaşinqtonla Moskvanın Əl-Riyadı tam şəkildə öz tərəflərinə çəkmək uğrunda mübarizə apardıqlarını göstərir. Bu da başa düşüləndir. Səudiyyə Ərəbistanı dünyanın aparıcı neft ölkəsidir. Hazırda isə neftin qiyməti Ukrayna müharibəsilə əlaqədar olaraq xeyli yüksəlib. Bu isə sanksiyalara tuş gələn Rusiyanın maraqlarına cavab versə də, Qərb qiymətlərin artması fonunda öz əhalisinin narazılığının artmasından ehtiyat edir. Ona görə də tərəflər indiki vəziyyətdə çalışır ki, Əl-Riyadı mümkün qədər öz tərəflərinə çəksinlər. Bu fonda da istər-istəməz Səudiyyə Ərəbistanının əhəmiyyəti artır. 

Belə vəziyyətdə görəsən, Əl-Riyad hansı mövqeni tutacaq, kimə dəstək verəcək?

Məsələ barədə Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadə bildirir ki, Putinin nə qədər çabalamasından asılı olmayaraq, Əl-Riyad strateji müttəfiq olaraq ABŞ-ın yanında yer alıb və alacaq:


 
"Səudiyyə Ərəbistanı aralarında son zamanlar bəzi narahatlıqlar olsa da, ABŞ-ın strateji müttəfiqidir. Əl-Riyad İsraildən sonra Vaşinqtonun Yaxın Şərqdə ən dəyərli və qiymətli partnyorudur. Ona görə də Səudiyyə Ərəbistanına təsir sahəsində heç bir digər dövlət ABŞ-la rəqabət apara bilməz. Bu, Rusiyaya da aiddir”.

Putinin şahzadə Məhəmmd bin Salmana telefon açmasına gəlincə, həmsöhbətimiz düşünür ki, bu onun beynəlxalq miqyasda özünün və ölkəsinin təcriddən çıxması üçün etdiyi növbəti çabalardan biridir:

"Bu kimi telefon zənglərilə dünyaya özünün də hələ mövcud olduğunu bildirmək istəyir. Ona görə də Putin İlham Əliyevin salamını Ərdoğana çatdırır. Hərçənd buna heç bir ehtiyac yoxdur. Putin göstərmək istəyir ki, guya təcrid olunmayıb. Bunlar əbəs çabalardır. Əminəm ki, biabır olmamaq üçün Putin G20 görüşünə də getməyəcək. Heç kim onu görmək istəmir”. 

Rüfət Sultan