Amal Abuşov
İdman 10:22 22.12.2023

Sevincin göz yaşları

Bir deyim var, deyirlər ki, sevinc göz yaşlarına boğuldum. Yəni ki, insan hansısa hadisəyə sevinir, yaxud da aldığı şad xəbərdən dünyanın xoşbəxtinə çevrilir. Bu zaman sevincdən axan göz yaşlarına hakim ola bilmirsən, sevincini elə axan göz yaşlarınla ifadə edirsən. Xankəndi stadionunda Azərbaycan klublarının iştirakıyla futbol qarşılaşması keçiriləndə çoxumuz məhz bu vəziyyətdə idik. Hamımız sevincdən ağlayırdıq. Buna qədərsə eyni hissləri Şuşa azad olunanda, 44 günlük Vətən Müharibəsinin bitməsindən sonra Bakıda "Zəfər paradı” keçiriləndə və Ali Baş Komandanımız İlham Əliyev cənabları Xankəndidə üçrəngli bayrağımızı ucaldanda keçirmişdik.

Bir də Sevincin göz yaşları var. Azərbaycanın futbol üzrə qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadəni nəzərdə tuturam. Son günlər Sevinci efirə çıxarıb ağlatmaq yaman dəb halını alıb. Lənkəranlı Sevinc efirə çıxır, keçdiyi çətin günləri xatırlayır. Atasının amansız xəstəliklə mübarizə aparmasından, buna qədərsə atasının sürdüyü avtobusda konduktor işləməsindən, eləcə də fədakar anasının onun futbolçu olması üçün etdiklərindən danışanda kövrəlir, göz yaşlarını saxlaya bilmir. Daha sonra da həmin o göz yaşı dolu süjetlər sosial şəbəkələrdə paylaşılmağa başlayır, izləyənlər də Sevincə qoşulub ağlayırlar. Ona görə də deyirəm ki, bu günlərdə biz həm də Sevincin göz yaşlarına boğuluruq.

Sevincin bəxti onda gətirib ki, onun elə fədakar anası olub, qızının yolunu kəsməyib. Bir çox analar həmin durumda "camaat bizə nə deyər” düşüncəsiylə qızının yolunda sipərə çevrilər, istedadın boğulmasına görə vicdan əzabı çəkməzdi. Belə anaların ən böyük arzusu qızlarının ərə getməsi, ailə-uşaq sahibinə çevrilməsidir. Neynəsinlər? Anadırlar axı! Amma Sevincin anası, tanımadığımız o gözəl qadın belə etməyib. Məhz onun fədakarlığı sayəsində Azərbaycan futbolu Sevinc boyda istedadını itiməyib. Sevincin bəxti həm də onda gətirib ki, legioner həyatı yaşayıb, Rusiyanın Krasnodar şəhərinin eyniadlı təmsilçisində oynaya-oynaya "artırıb”, bu səviyyəyə yüksəlib. Azərbaycanda ad və say xatirinə keçirilən çempionatda çətin ki, Sevinc bu səviyyəyə gəlib çatardı.

Bəli, Sevincin bəxti gətirib. Amma Azərbaycanda Sevinc kimi xeyli sayda istedad var ki, belə bəxtəvər ola bilmirlər. Kimisinə ailədən imkan vermirlər, kimisinin də şəraitsizlik önünü kəsir. Sevincin doğulub-böyüdüyü, topun arxasınca kövrək ayaqları ilə qaçdığı Lənkəranda hazırda futbol yoxdu. Sevinc atasına qoşulub, bir tikə çörəkpulu qazanmaq üçün konduktorluq edəndə AFFA rəhbərliyi Berlində futbol məktəbi açırdı. Halbuki, həmin məktəbi Berlində yox, Lənkəranda açmaq lazım idi. Sevinc qarlı gündə bir qarın dolusu çörək tapmayanda AFFA futbolumuza ayrılan milyonları Foqtsa, Prosineçkiyə, Lippertə və onlarla birlikdə neçə-neçə yararsız "milliləşdirilmiş” futbolçuya yedizdirirdi. Sözsüz ki, kimlərsə də həmin o yeyintilərdən öz payını götürürdü.

Nə isə, onsuz da biz keçənlərə güzəşt deməyə öyrəncəliyik. Ümid edək ki, Sevincin göz yaşlarına yandıqlarını göstərənlər, ona qoşulub ağlayanlar, onun hisslərinin ətrafında şou düzəldənlər bundan sonra futbolumuzun problemlərinə daha artıq diqqət artıracaqlar. Fərqi yoxdur, qızların, yoxsa oğlanların. Azərbaycanda uşaq futbolunun problemləri xirtdəyədəkdir. Onları həll etməyə başlamaq lazımdır. Elə Lənkəranda uşaqlar üçün futbol akademiyası açmaqla başlayaq. Bunu etməyəcəksizsə, futbolumuzun və futbolçularımızın gününə hələ çox ağlamalı olacıq. Sözün hərfi yox, elə həqiqi mənasında.

Amal Abuşov