Ekonomiks 17:34 06.03.2024

Seymur Mövlayev Şamaxıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev martın 6-da, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditlərin verilməsi, əkin subsidiyası, aqrar sığorta və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Kələxana kəndində Rabbath Tamella Vəliyevaya məxsus damazlıq heyvan təsərrüfatında olan Agentlik sədri burada Holstein və Simmental cins inəklərin saxlanılma şəraiti ilə tanış olub. Təsərrüfatın ehtiyacları ilə maraqlanıb, dövlət tərəfindən göstərilə biləcək əlavə dəstəklər barədə məlumat verib.

Sonra Seymur Mövlayev Sabir qəsəbəsində toxumçu-fermer Hamlet İsrafilova məxsus taxıl sahəsinə baxış keçirib. Burada fermerə ərzaqlıq buğda əkini üçün yaradılan imkanlar və müasir suvarma sistemlərinin qurulmasında tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə danışıb. 
Daha sonra Agentlik sədri Mərzəndiyə kəndində AKİA-nın dəstəyi ilə salınan intensiv meyvə bağında əkilən şaftalı, nektarin və ərik ağacları, həmçinin ərazidə yaradılan şəraitlə tanış olub.