İdman 12:00 05.02.2024

Silva “Çelsi”nin baş məşqçisinin istefasını tələb etdi

"Çelsi"nin idman böhranı, uğursuz çıxışları hələ ki davam etməkdədir.

Qaynarinfo-nun məlumatına görə, turnir cədvəlinin ortalarında qərarlaşmış komandanın durumu heç də yaxşıya doğru getmir.

Məsələ o yerə çatıb ki, futbolçuların ailələri də baş məşqçi Murisio Poçettinonu komandanın "sükanı” arxasında görmək istəmir. "Çelsi”nin əsas üzvlərindən olan, Tyaqo Silvanın həyat yoldaşı Belle Silva da uğursuzluğun səbəbini baş məşqçidə görür. Braziliyalı müdafiəçinin həyat yoldaşı komandanın "Stamford Bridge”də "Vulverhempton”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçinin istefasını tələb edib. 

O, mütəxəssisin istefaya göndərilməsini açıq şəkildə istəyib və arzusunu sosial şəbəkədəki hesabında bildirib. Silva, açıqlamasında "Dəyişmək vaxtıdır. Əgər daha çox gözləsəniz, çox gec olacaq" - sözlərinə yer verib.

"Zadəganlar” ötən həftə "Liverpul”a da böyük hesabla məğlub olmuşdu - 1:4. Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən İngiltərə nəhəngi 31 xalla 11-ci pillədə qərarlaşıb.
 


 
Səbuhi Həsənov