Siyasət 16:50 30.07.2022

Siyasətçilərin yay tətili: Kim, harada istirahət edəcək?

Adətən avqust ayı bütün sahələrdə prosesin müəyyən qədər donması ilə müşayiət olunur. Belə vəziyyət özünü siyasətdə də göstərir. Həmin dövrdə insanların əksəriyyəti kimi, siyasilər də bacardıqları qədər istirahət etməyə üstünlük verməyə çalışır. 

Görəsən, Azərbaycan siyasətçiləri, deputatları bu barədə nə düşünürlər? Avqust ayı üçün onların nə kimi planları var?

Sərdar Cəlaloğlu: "İstirahətə imkan yoxdur"

Qaynarinfo-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, istirahətə vaxtı və imkanı yoxdu:



"İstirahət etməyə nə vaxt, nə də imkan var. İş başındayıq. Partiya fəaliyyətimizi davam etdiririk. İstirahətə gəldikdə, bunu əsasən kitab oxumaqla keçirməyi düşünürəm".

Pənah Hüseyn: "Başımız çox qarışıb"

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn avqust ayında da Bakıda olacaq:



"İstirahət planım yoxdur. Avqust ayını da Bakıda keçirəcəm. Partiyamızın avqustun 22-ə V qurultayını planlaşdırmışdıq. Nümayəndələrin seçilməsini çatdıra bilmədiyimizdən ola bilər sentyabrda keçirdik. Bir sözlə, başımız çox qarışıb".

Araz Əlizadə: "Evimdə istirahət edəcəm”

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də evində istirahət edir: 



"Bununla bağlı xaricə getmək fikrim də yoxdur”. 

Aqil Abbas: "Quru sərhədlər bağlıdır..."

Milli Məclisin deputatı Aqil Abbas avqust ayını Qarabağ zonasında keçirməyi qərara alıb:



"Avqust ayında rayona, kəndə gedərək, seçicilərlə görüşəcəm. Qarabağa gedib insanlarla təmasda olacağam. Quru sərhədlər bağlı olduğundan ölkədən kənara çıxmayacağam”. 

Anar İsgəndərov: "Masallıya gedəcəm”

Digər deputat Anar İsgəndərov avqust ayını Masallıda həm istirahət etmək, həm də seçicilərlə görüşməklə keçirəcək:



"Hamı kimi, fikirləşirəm ki, hətta istirahətə getsəm belə, Azərbaycanın bir bölgəsinə gedib. Bu borcumuzdur. Təbliğatımız da bu istiqamətdə olmalıdır. Həm də Azərbaycandan kənarda olan vəziyyət elədir ki, oralara heç getməyinə dəymir. Hər il olduğu kimi, ənənəvi şəkildə istirahətimi Masallıda keçirəcəm. Hər zaman seçici və şəhid ailələrinin yanında oluruq. Avqustun 1-dən Masallıda həm istirahət edəcək, həm də seçicilərlə bir yerdə olacağıq”. 

Rüfət Sultan