Dünya 14:46 16.06.2022

Slovakiya Ukraynaya yeni hərbi texnika və silah bağışlayıb

Slovakiya Ukraynaya Sovet istehsalı olan beş ədəd Mi seriyalı hərbi helikopter və minlərlə "Qrad” reaktiv yaylım atəşi sistemi hədiyyə edib.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Slovakiya müdafiə nazirliyi məlumat verib.
 
"Slovakiyaya məxsus olan minlərlə 122 mm-lik "Qrad" raketi və 5 Mi seriyalı helikopterin təhlükəsiz şəkildə Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləməkdən məmnunam",- Yaroslav Nad NATO və digər Qərb ölkələrinin müdafiə nazirlərinin Brüsseldəki görüşündən sonra "Twitter" səhifəsində yazıb.

Çatdırılmaya dörd M1-17 helikopteri və bir Mi-2 helikopteri daxildir. Müdafiə naziri onların Slovakiya silahlı qüvvələrində artıq Amerika istehsalı olan UH-60M Black Hawk helikopterləri ilə əvəz olunduğunu bildirib. 

NATO üzvü və Ukraynanın qərb qonşusu olan Slovakiya Rusiyanın işğalına qarşı Ukraynanı güclü şəkildə dəstəkləyir. Slovakiya daha əvvəl S-300 hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Ukraynaya digər hərbi texnika və sursatlar bağışlayıb. O, həmçinin Ukraynaya səkkiz yeni "Zuzana 2” özüyeriyən haubitsa satmağa razılıq verib. 

Nurlan Hüseynov