Ölkə 22:17 13.11.2023

“Stadion qalmaqalı” ilə bağlı növbəti məhkəmə keçiriləcək

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. 

Qaynarinfo xəbər verir ki, mövbəti məhkəmə prosesi noyabrın 20-də keçiriləcək. 

Məlumat üçün deyək ki, işin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsindən hakim Fərim Namazovun sədrliyi ilə aparılır. 

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

Seyid