Xəbər lenti

Siyasət 12:14 06.10.2023

Sülh müqaviləsinin əsas şərti, İranın ağ yalanı, Qərbin marağı... - Vəziyyət necə dəyişəcək? (MÜSAHİBƏ)

Azərbaycanın lokal xarakterli antiterror əməliyyatından sonra qazandığı qələbə regionun vəziyyətinə təsir edib. Bundan sonra böyük güclərin maraqlarının toqquşduğu Cənubi Qafqazda yeni konfiqurasiyaların qurulacağı deyilir. 

Bütün bu proseslərin içində açıq qalan suallar necə cavablandırılacaq? Qarabağdan köçən ermənilərin taleyi, İranın yeni mesajları, Rusiya sülhməramlıların növbəti addımları, Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların öz yurdlarına qayıda bilməsi ilə bağlı sualların cavabı nə zaman veriləcək?
 
Qaynarinfo mövzunu Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi, siyasi analitik Rizvan Hüseynovla müzakirə edib.
 

 
Qarabağdan çıxan ermənilər region üçün təhlükədir
 
- Qarabağdan çıxan ermənilər Zəngəzur dəhlizi boyunca yerləşdirilə bilərmi? Bu, İran, Rusiya, Türkiyə, Ermənistan, Azərbaycan və Qərbin maraqlarına cavab verirmi?

- Biz fakt olaraq görürük ki, Qarabağdan güclə, erməni tərəfinin fitnəsi ilə "qaçırılan” Qarabağ ermənilərinin tam yarısı hələ ki, Zəngəzur-Ermənistan sərhədi boyu yerləşdiriliblər. Yarısı isə Ermənistanın başqa vilayətlərində, əsasən İrəvan ətrafı və Türkiyə-Ermənistan sərhədi boyunca, bir qismi isə Zəngəzurda daimi yaşamaq üçün məskunlaşıb. Qalanın isə taleyi hələ həll edilməyib. Onların Ermənistanda qalacağı, üçüncü ölkələrə gedəcəyi və yaxud Azərbaycana, yəni Qarabağa qayıdacağı hələ bilinmir. Bu isə Azərbaycandan asılıdır. Sözsüz ki, ermənilərdən istər Qərb, istərsə də Rusiya alət kimi istifadə etməyə çalışır. Belə gedişat Ermənistan üçün ciddi problemlərə səbəb ola bilər. Regionun təhlükəsizliyinə də təhdiddir. Yəqin ki, Azərbaycan, Türkiyə və partnyorlarımız çalışacaq ki, maksimum bu problemin qarşısını alsınlar, əks tərəf isə bu problemi şişirdərək regionun təhlükəsizliyinə təhdid yaratmaq istəyəcəklər.
 


İran regiona müdaxilə edə bilməz

- Qarabağın İranla sərhəd olan rayonlarında NATO, Rusiya və ya hansısa ölkənin qoşunları yerləşdirilə bilərmi?

- Biz bilirik ki, keçən ildən Avropanın "humanitar missiyası” Ermənistan ərazisində, Zəngəzurda fəaliyyət göstərir. "Missiya” İran-Erənistan sərhədinə də yaxındır. Yəni, İran burada nə edə bilər? İran sözsüz ki, bu məsələdən narahatdır və son bir il ərzində Tehran dəfələrlə İrəvana müttəfiqlik və hərbi-siyasi əməkdaşlıq sənədləri imzalamağı təklif edib, amma İrəvan bu məsələdən qaçır. Ermənistan öz Qərb havadarlarının əmri ilə sözsüz ki, İranla müttəfiqliyə getməyəcək. Ona görə də bu məsələlərdə sənəd yoxdursa, İran da Ermənistana və bizim regiona birbaşa müdaxilə edə bilmir. 
 

 
Sülhməramlıların gələcək taleyi Azərbaycandan asılıdır

- Razılaşmaya əsasən, 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxmalıdır. Sülhməramlı missiyasının başa çatdığı bir ərəfədə Qarabağdan çıxmamaq üçün Rusiya fərqli situasiya yarada bilərmi?

- Son hadisələr və Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsi Rusiya sülhməramlılarının missiyasının fəaliyyətinə də təsir göstərə bilər. Ola bilsin ki, sülhməramlılar bu əraziləri 2025-ci ildə yox, daha tez tərk etsinlər. Hətta dünən bu haqda bəzi erməni ekspertləri açıqlama verib ki, guya əldə olunan məlumata əsasən, noyabırın 1-də rus sülhmərəamlıları Qarabağı tərk edəcəklər. Azərbaycan üçün heç bir problem yoxdur. Əslində, elə Azərbaycanın icazəsi ilə rus sülhməramlıları 2020-cı ildə bağlanmış Üçtərəfli Bəyannaməyə əsasən, fəaliyyət göstərirdilər. Nə vaxt Azərbaycan uyğun bilsə, sülhməramlılar o vaxt da bu əraziləri tərk edəcəklər. Onların hara gedəcəyinə gəlincə, yəqin ki, sülhməramlıların bir qismi Ermənistan ərazisinə, Zəngəzura keçəcək. Belə başa düşürəm ki, bura köçən Qarabağ ermənilərinin yaşadığı ərazilərdə ilk olaraq nəzarət məntəqələri, xidmət nöqtələri qurulacaq. Qarabağı tərk edən rus hərbçilərinin bir qismi də döyüşmək üçün Ukrayna cəbhəsinə gedəcək. Bununla da məsələ tamamlanacaq. 
 


- İran prezidenti Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfovla görüşü zamanı bildirib ki, Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq və bu da region ölkələrinin milli təhlükəsizliyinə təhdid yaradır. Siz necə düşünürsünüz, Zəngəzur dəhlizinin açılması İranın staretji hədəflərinə ziddirmi?

- İran tərəfi açıq şəkildə ağ yalan deyir. Hansı NATO qüvvələrindən söhbət gedir? Tehran niyə konkret ölkə adı çəkmir? Biz görürük ki, NATO ölkələrinin özündə də Zəngəzur dəhlizi ilə bağlı konkret bir mövqe mövcud deyil. Fransa əlindən gələni edir ki, dəhliz açılmasın. Göründüyü kimi, İran prezidenti yalan danışır. ABŞ da Zəngəzur dəhlizi ideyasını dəstəkləmir. Burada NATO ölkəsi deyəndə İran prezidenti Türkiyəni nəzərdə tutduğunu açıq deməlidir. Türkiyə də Azərbaycanla müttəfiq ölkədir və burada da NATO maraqlarından söhbət getmir. Zəngəzur dəhlizi Turan, türk ölkələri üçün bir iqtisadi, güclü bağ olacaq. Bu yol əsrlər boyunca ənənəvi yol olub. Çin, Orta Asiya, Azərbaycan, Cənubi Qafqaz vasitəsi ilə Türkiyə və Avropa, Aralıq dənizinə qədər uzanıb. 100 il bundan qabaq Zəngəzurda süni olaraq bu yolu kəsdilər. İndi də biz bu yolu bərpa edirik. Burada məsələ NATO və s. deyil. İranın qorxduğu odur ki, bərpa olunan yol türk ölkələrinin daha da güclənməsinə səbəb olacaq, bu da İranın milli maraqlarına zidd və təhdiddir. Hər halda İran bunu təhdid kimi görür.
 
 

 
Sülh müqaviləsinin şərti - Azərbaycanlılar Zəngəzura qayıtmalıdır

-  Hazırda sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi gündəmin əsas mövzusudur. Sizcə, bu problem necə həll olunmalıdır?

- İndi gündəmdə belə bir məsələ yoxdur. Ona görə ki, sərhədlərin delimitasiyası üçün ilk olaraq, heç olmasa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. İlkin sənədlər olmalıdr ki, bundan sonra delimitasiya məsələsi gündəmə gəlsin. Demarkasiya məsələsi isə bildiyim qədərilə hələ gündəmdə deyil. Mövcud şəraitdə şərti Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə görə Ermənistan və onun havadarları cavabdehdir. Azərbaycanın isə tələbləri var. Tələblərindən biri isə vaxtı ilə Ermənistandan qovulan azərbaycanlıların öz ata yurdlarına, vətənlərinə, ilkin olaraq Zəngəzura qayıtmalarıdır. Bu da sülh danışıqlarının şərtlərindən biridir. Şərtlərin içində həm də Zəngəzur dəhlizinin açılması var. Rəsmi İrəvan və onun havadarları dəhlizin açılmasına əngəl törədir. Azərbaycanlıların öz tarixi yurdlarına qayıtması şərti də var. Ona görə də yaxın müddətdə bu məslədə irəliləyiş gözləmirəm.

Onların cəzası Xocalıda verilməlidir
 

- Belə bir fikir səsləndirmisiniz ki, Qarabağda hərbi cinayət törədən ermənilər üçün Beynəlxalq hərbi tribunal qurulmalıdır, cəzaları isə Xocalıda verilməlidir. Siz Nürnberq prosesinin anologiyasını təklif edirsiniz? Sizcə, bu, baş verə bilər?

- Bəli, Nürnberq prosesinə oxşar bir proses olmalıdır. Hətta biz onun adını "Yevlax prosesi” qoya bilərik. Hərbi tribunal yaradılmalıdır. Hərbi tribunalın tərkibində bir sıra ölkələrin ekspetləri, hərbçiləri, hakimləri, beynəlxalq hüquqşünaslar, beynəlxalq təşkilatların nümayəndələri daxil olmalıdır. Bunun Yevlaxda baş tutması bizim ideyamızdır, dövlət tərəfinin mövqeyi bilinmir. Nəyə görə Yevlax deyirik? Yevlax mifik, əfsanəvi "Böyük Ermənistan”nın ən son "şəhəridir". Erməni millətçiləri Yevlaxın işğalını həmişə arzulayıblar. Ona görə də məhkəmə Yevlaxda keçirilməlidir. Qoy, arzusunda olduqları Yevlaxı görsünlər. Düşünürəm ki, Qarabağ separatçıları ilə görüş də buna görə oarda keçirilib. Amma son qərar və cinayətkarlara cəzalar Xocalıda elan olunmalıdır. Səyyar sessiyalar Xocalı və Xankəndidə keçirilməlidir. 

 Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->