Siyasət 13:32 25.01.2024

Sülhməramlı məsələsi yenidən gündəmdə: Onlar Azərbaycanı nə vaxt tərk edə bilər?

"Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra - 2024-cü ilin yayında Rusiya sülhməramlıları ilə bağlı məsələyə yenidən baxıla bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN şefi Sergey Lavrovun hazırki mərhələdə rus sülhməramlılarının Qarabağda olmasının region üçün pozitiv rol oynadığı barədə Bakı və Moskvanın vahid mövqedən çıxış etdiyinə dair fikrini şərh edərkən deyib.

Natiq Miri qeyd edib ki, Lavrovun dediklərində qismən həqiqət payı var:



"Azərbaycan müvəqqəti də olsa, bu gün dövlətimizə heç bir maneə törətməyən rus hərbi kontingentinin Qarabağda qalmasında maraqlıdır. Çünki hələ də Qarabağdan öz xoşları ilə getmiş erməni amilindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Bundan başqa son günlər Azərbaycana qarşı total beynəlxalq hücumlara start verilib. Avropa strukturları, ABŞ konqresmenlərinin Azərbaycana sanksiya tələbləri, bütün bunlar ümumi təzyiq planının tərkib hissəsidir. Bu kontekstdə rus sülhməramlılarının Qarabağdan çıxarılması və onun beynəlxalq sülhməramlı missiya ilə əvəzlənməsini dolayısı olaraq öz xoşları ilə Qarabağdan getmiş ermənilərin "hüquq və təhlükəsizliyilə" əlaqələndirirlər. Bu sayaq təzyiqləri neytrallaşdırmaq üçün ortada 10 noyabr sənədi var. Həmin  sənədə görə də rus sülhməramlılarının ən azından 2025-ci ilə qədər Qarabağda qalmaq səlahiyyəti var. 

Düşünürəm ki, Azərbaycan da məhz bu baxımdan onların hələlik qalmasına razılıq verib. Ancaq 2024-cü ilin yayından sonra ola bilsin ki, bu  məsələyə yenidən baxılsın. Azərbaycanda növbədənkənar prezidnet seçkisi başa çatandan sonra Rusiyanın hərbi kontingentinin Qarabağda qalmasına lüzum olmaycaq. Rusiya da bu məsələdə dirənməyəcək. 2024-cü ildə Rusiya Ukrayna cəbhəsində şiddətli döyüşlərin yenidən alovlanması gözlənilir. Ona görə də bu qeyri-müəyyənlik kontekstində onların Qarabağda qalması hələlik Azərbaycan üçün böyük təhlükə törətmir. Ancaq bundan sonra rus qoşunlarının qalmasına ehtiyac qalmayacaq.Yəqin ki, 2024-cü ilin sonlarına doğru qarşılıqlı olaraq iki dövlət arasında həll olunacaq". 

Qeyd edək ki, Rusiya xarici işlər naziri Lavrov hazırki mərhələdə rus sülhməramlılarının Qarabağda mövcudluğunun regionda pozitiv rol oynadığı barədə Bakı və Moskvanın vahdi mövqedən çıxış etdiyini bildirib:

"Prezidentlər məsələni müzakirə edib və bu fikrə gəliblər ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu stabilliyi möhkəmləndirmək, etimadı artırmaq və geri qayıtmaq istəyən Qarabağ sakinlərinin qayıdışına şərait yaratmaq baxımından pozitiv rol oynayır". 

Rüfət Sultan