Dünya 22:02 10.04.2023

Suriya böhranı: Danışıqlar niyə dalana dirəndi? (ŞƏRH)

"Görüşün ertələnməsi prinsipial məsələlərdə yaranan narazılıqlarla bağlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin gözlənilən görüşünün mayın əvvəlinə təxirə salınması səbəbindən danışarkən deyib.

Ekspert bildirib ki, bu məsələdə müəyyən dövlətlərin maraqlarını uzlaşdırmaq göründüyü qədər asan məsələ deyil:

"Əvvəlcə Suriya məsələsilə bağlı Rusiya, Türkiyə və Suriya xarici işlər nazirləri arasında müəyyən təmaslar oldu. Ondan sonra Türkiyə ilə İran arasında da bu məsələnin müzakirəsi baş tutdu. Son günlər isə Rusiya ilə İran arasında məsələ ətrafında diplomatik təmaslar yaşanmaqdadır. Yəqin ki, Suriya ilə bağlı müəyyən məsələlərin razılaşdırılması prosesində bəzi çətinliklər yaşanır. Ona görə də görüş ertələnib. Suriya məsələsində Rusiya, Türkiyə və İranın müəyyən mənada maraqları və qırmızı cizgiləri var. Təbii ki, bu maraqları uzlaşdırmaq göründüyü qədər də asan məsələ deyil”. 
 


Həmsöhbətimiz onu da qeyd edir ki, Türkiyədəki seçkilər iqtidar dəyişikliyilə sonuclanarsa, bu Ankaranın Yaxın Şərq siyasətində müəyyən passivliyin yaranmasına gətirib çıxaracaq:
 
"Türkiyədəki seçkilər nəticəsində hakimiyyət dəyişikliyi baş versə də, Suriya ilə bağlı məsələdə təmaslar davam edəcək. Çünki Türkiyə regionda son dərəcədə aktiv xarici siyasət yürüdür. Türkiyənin bölgədə uzun əsrlik maraqları var. Bundan çıxış edərək, prosesin davam edəcəyini ehtimal etmək mümkündür. Amma Türkiyədə seçki zamanı dəyişiklik olsa, Ankaranın Yaxın Şərq siyasətində müəyyən passivliyin yaşanacağını indidən proqnozlaşdıra bilərik”. 

Qeyd edək ki, Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin aprelin 10-na nəzərdə tutulan görüşünün mayın əvvəlinə təxirə salındığı barədə məlumat verib. 

Rüfət Sultan