Dünya 12:39 23.04.2023

Suriya Vaşinqtondan təzminat tələb edir - XİN-dən bəyanat

Suriya beynəlxalq ictimaiyyəti öz təbii sərvətlərinin ABŞ və müttəfiqləri tərəfindən talanmasına son qoymağa çağırıb.

Qaynarinfo Suriyanın rəsmi SANA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və ölkənin şimal-şərqindəki yataqlardan qeyri-qanuni neft ixracı nəticəsində dəymiş iqtisadi ziyana görə kompensasiya tələb edir", deyə nazirliyə istinadən məlumat yayıb.

"Suriya xalqına məxsus təbii sərvətlərin talan edilməsi beynəlxalq humanitar hüquqa ziddir, vətəndaşların yoxsullaşmasına və əzab çəkməsinə gətirib çıxarır", deyə nazirlik qeyd edib.

Suriya XİN ABŞ-ı terrorçu və separatçı qruplara dəstəyi dayandırmağa və qoşunlarını ölkə ərazisindən çıxarmağa çağırıb.

Nazirliyin məlumatına görə, 2022-ci ilin sonuna qədər Suriyanın neft və qaz sektorunda itkiləri 107,1 milyard dollar təşkil edib.

Aydın