İdman 13:10 16.12.2023

Tarixi qərar: İngiltərə Premyer Liqasında yanğınsöndürən hakim

İngiltərə Premyer Liqasında tarixi qərar verilib.

Qaynarinfo-nun məlumatına görə, hakimlər Rebekka Velç və Sem Allison Premyer Liqada tarix yazmağa hazırlaşır. Velç Premyer Liqada ilk qadın hakim, Allison isə son 15 ildə ilk qaradərili referi kimi oyunları idarə edəcək. 

Velç dekabrın 23-də keçiriləcək "Fulhem" - "Börnli" matçında debüt edəcək. Allison isə sabiq referi Uriah Renninin izi ilə gedəcək və 15 il ərzində yüksək liqa matçını idarə edən ilk qaradərili hakim olacaq. Allison dekabrın 26-da "Şeffild Yunayted" - "Luton Taun" matçında iş başında olacaq.

Bu il sürətli irəliləyişə nail olan 39 yaşlı Velç yanvarda İngiltərə Çempionşipində "Birmingem Siti" ilə "Preston North End" arasında keçirilən matçı idarə edən ilk qadın referi kimi adını tarixə yazdırmışdı. 

Allison isə son 15 ildə Premyer Liqada ilk qaradərili hakim kimi tarix yazmağa hazırlaşır. Hakimliyə başlamazdan əvvəl yanğınsöndürən kimi fəaliyyət göstərən Allison İngiltərə Premyer Liqasında "Şeffild Yunayted" - "Luton Taun" matçını idarə edəcək. Hələ də könüllü yanğınsöndürən kimi fəaliyyət göstərən 42 yaşlı hakim üç il əvvələ qədər İngiltərənin ən yaxşı dörd liqasında yeganə qaradərili referi kimi iştirak edirdi. 

Səbuhi Həsənov