Dünya 14:08 04.12.2022

Tehran Moskvadan etirazları yatırmağa yardım etməyi xahiş edir

İran İslam Respublikası Rusiyadan iğtişaşlara nəzarət etmək üçün avadanlıq və təlim keçməklə xalq qiyamını yatırılmasına yardım istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "İran İnternational” yazır.

İran rejimi etirazçılarla uzunmüddətli qarşıdurmaya hazırlaşdığı və həm canlı qüvvə, həm də texnika baxımından məhdud resurslarından narahat olduğu üçün Moskvadan müşavirlər göndərməyi xahiş edib.
Bu yaxınlarda hakerlər tərəfindən əldə edilən və "İran İnternational”a ötürülən məxfi fayllar da göstərir ki, Tehran öz daxili vəziyyətini qiymətləndirmək üçün Moskvadan gələn məlumatlara arxalanır. Sənədlərdə Tehrana etiraz hərəkatının mahiyyəti və gücü barədə qiymət vermək üçün Rusiyanın Qərb kommunikasiyalarını dinləməsi ilə bağlı istinadlar var.

Tehranın Moskvadan kömək istəməsilə bağlı yeni xəbərlər Ağ Evin oktyabrın sonunda Rusiyanın İrana davam edən etirazları yatırmaq üçün ən yaxşı təcrübələr barədə məsləhət verə biləcəyi ilə bağlı açıqlamalarını təsdiqləyib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin birgə mətbuat brifinqi zamanı deyib ki, Moskva nümayişləri yatırmaqda öz təcrübəsindən istifadə edərək İslam Respublikasına kömək edə bilər.

"İranın Rusiyaya Ukraynaya qarşı müharibə aparmağa kömək etdiyinə dair sübutlar açıq və aydındır. İran və Rusiya daha çox təcrid olunduqca bir-birlərinə yaxınlaşır. Bizim İrana mesajımız çox və çox aydındır: öz xalqınızı öldürməyi və ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyi dayandırın”, deyə Jan-Pyer bildirib.

Kirbi, Ağ Evin etirazçıların dağıdılmasında Rusiyanın köməyinə əmin olduğunu bildirib və əlavə edib ki, bu, bəyanat deyil, faktdır: "Biz bilirik ki, onlar İranın etirazçıları sıxışdırmaq qabiliyyətinə bir növ dəstək verməyi nəzərdən keçirə bilərlər. Təəssüf ki, Rusiyanın bu sahədə təcrübəsi var”.

Kirbi bunu "Rusiya və İranın indi nəinki İranda insan haqları və vətəndaş hüquqlarını pozmaq, həm də təbii ki, ukraynalıların həyatını daha da təhlükə altına atmaq üçün birlikdə necə işlədiyinin daha bir nümunəsi” adlandırıb.

Təxminən 470 nəfərin öldürülməsinə səbəb anti-hökumət etirazlarına qarşı İranın vəhşicəsinə repressiyasına qarşı artan etirazlar indi İslam Respublikasının Rusiyaya meylini və onun Ukraynaya qarşı müharibəsində silah dəstəyini gücləndirir.

Bu, artıq Vaşinqtonda siyasi dəyişikliyə səbəb olub. Belə ki, Bayden administrasiyası 2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) dirçəldilməsinin hazırda prioritet olmadığını və ABŞ-ın diqqətini İrandakı etirazlara yönəltdiyini söyləyib. ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malli bu həftənin əvvəlində deyib ki, sanksiyalar və diplomatiya uğursuz olarsa, prezident Co Bayden İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi varianta hazırdır.

İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri şənbə günü "İran İnternational”a bildirib ki, İran İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli komandirləri təqaüddə olan 1000 üzvünü xalq üsyanını yatırmağa kömək etməyə çağırıb, çünki əməkdaş çatışmamazlığı var, lakin yalnız 300-ü vəzifəyə qayıtmağa və etirazları yatırmağa razılaşıb.

Bu həftənin əvvəlində "Black Reward” haker qruplaşması tərəfindən əldə edilən audio fayl İran rəsmilərinin təhlükəsizlik qüvvələrinin vəziyyəti, media uğursuzluqları və işçi tətilləri ilə bağlı narahatlıqlarını ortaya qoyub.

Son günlərdə "Black Reward” Fars xəbər agentliyinin məlumat serverlərinə çıxış əldə etməklə "İran İnternational”a İnqilab Keşikçiləri Korpusunun generalı ilə bir qrup media menecerləri və İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli təşkilatların nümayəndələri arasında keçirilən görüşün audioyazısını təqdim ediblər. 

Etirazlar başlayandan bəri 18 000-ə yaxın insan həbs edilib və etirazçıların artıq bəzisinə ölüm hökmləri oxunub, lakin heç biri hələ icra olunmayıb. HRANA-nın dekabrın 2-də verdiyi məlumata görə, sentyabrın 17-dən bu yana keçirilən etirazlarda 469 etirazçı və 61 təhlükəsizlik əməkdaşı öldürülüb.

Nizami Bağırov