Siyasət 16:06 26.12.2023

"Tehrandakı səfirliyin bərpası üçün zaman yetişib, lakin..." - Politoloq

"Tehrandakı səfirliyimizin bərpası istiqamətində addımlar atılıb, amma gələcəkdə belə hadisələrin olmaması üçün təminat alınmayıb". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı tərəflərin yol xəritəsini müəyyən etdikləri barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, yol xəritəsi müəyyən olunub, deməli, Tehrandakı səfirliyimizin bərpası mümkündür:

"İran müəyyən addımları atıb. Amma bu proses sona çatdırılmayıb. Belə ki, orada təhlükəsizlik zəmanətilə bağlı başqa öhdəliklər də var idi. Hər halda, İran tərəfi belə bir bəyanat verirsə, ehtimal ki, prosesdə müəyyən irəliləyişlər var. Amma Azərbaycan səfirliyinin nə vaxt bərpa ediləcəyi və bunun üçün nə kimi zəmanətlərin alındığı, hansı öhdəliklərin yerinə yetirildiyi barədə hələlik hər hansı bir açıqlaması olmayıb. 
 


Azərbaycan diplomatiyası bu kimi məsələlərdə ehtiyatla davranır. Düşünürəm ki, bu, düzgün yanaşmadır. Digər məsələlərdə də müəyyən danışıq və yaxud addımlar barədə, məsələn Ermənistanla bağlı məsələdə İrəvanın dərhal və tələsik açıqlamalar verdiyinin, Azərbaycan diplomatiyasının isə özünü bir qədər toxtaq apardığının dəfələrlə şahidi olmuşuq. Azərbaycan yalnız təminatlı razılıqlar olduqdan sonra, açıqlama verir. Bu mənada, səfirlik məsələsi tam həll olunan mərhələdə rəsmi Bakı da açıqlama verəcək".

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Nasir Kənani brifinqdə Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı tərəflər arasında yol xəritəsinin müəyyən edildiyini deyib: "Tezliklə Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsinin şahidi olacağıq".
 
Xatırladaq, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. 

Rüfət Sultan