Azad QARADƏRƏLİ
Sənət 13:34 23.07.2020

TƏRƏQQİ

Azad Qaradərəli

(Bir daha renessans həsrəti barədə)

Bilənlər bilir ki, ağlım kəsəndən renessans aşiqiyəm. Bu adda iki kitabımda* çap olunub. Xalqımın, ölkəmin və hələ dövlət olub dövlətlərə tam qoşula bilməkdə əziyyət çəkən gənc dövlətimin onunla (oxu: renessansla) qol-boyun olmasını nə qədər istəyirəm. Biz bir dəfə bunun lap beş addımlığında olmuşduq: 1918-20-ci illərdə! 

Nə yazıqlar ki, bizi istəməyənlər və elə renessansı da istəməyənlər o zamankı gənc dövlətimizi renessans qarışıq beşiyində boğdular. Və 70 il rusların əmri ilə "şaqat” elədik, amma "Bir addım irəli, iki addım geri” yazan kişinin və onun bığlı həmfikirinin əli ilə bir addım irəli atsaq da, on addım dünyadan geri düşdük...

Böyük Göte yazırdı: "Təbiət, xəyallarla bəslənir. Kim ki özündə və başqalarında o xəyalları puça çıxarır, onu ən yaman suçlunun timsalında cəzalandırır. Kim ki, etibarla onun yolu ilə gedir, o da onu istəkli balası kimi bağrına basır”.

Nə yazıqlar ki, biz yenə də irəliləmək əvəzinə geri gedirik. Korrupsiya və rüşvət zənciri dövlətin iç strukturlarını zədələyir, nəinki renessansa, yüngülvari tərəqqiyə də həsrət qoyur insanımızı...

(Tərəqqi barədə az sonra ətraflı yazacağam. Hələlik, antitərəqqidən söz açım.)

Renessansın ilk böyük zənciri olan iqtisadiyyatımız neftdən asılı olduqca bizim irəliləyişimiz mümkün deyil. Neft amilini gerçək iqtisadi tərəqqiyə çevirmək ən ümdə işimiz olmalıdır. Onda hərbi sənayeimiz də, elmmimiz, texnikamız və mədəniyyətimiz də inkişaf etmiş olar. Təhsilimiz də qabağa gedər. 

Mədəniyyətimizi Əbülfəs adlı bir qaraguruh adamı on illərdir talayırdı. Amma onun bu talanına nədənsə göz yumulurdu. Təhsilimiz bir kurikulum adlı əjdahanın ağzına atılıb, hələ də orada boğulmaqdadır. Ədəbiyyatımız AYB deyilən başqa bir timsahın çəngindədir – yalnız özlərinə sədaqətli adamları yazıçı hesab edirlər, halbuki artıq uşaqlar da bilir ki, AYB-dan kənarda böyük bir yazıçı ordusu yetişməkdədir...

Bizim tərəqqiyə çox ehtiyacımız var.

Cəbhədə bir zərbə ilə Qordi düyününü çözməklə – Qarabağı azad etməklə!

Kimlərəsə sədaqətli deyil, daha savadlı, daha bacarılı gəncləri irəli çəkməklə!

Elmə, təhsilə və mədəniyyətə böyük yatrımlar qoymaqla!

İçimizdə düşmən axtarmaqla deyil, böyük barış elan etməklə!

...Hə, bizim tərəqqiyə çox ehtiyacımız var, o adda medala deyil...

Tərəqqi edən millətin yolu bir gün hökmən renessansla kəsişəcək...

23.07.2020
*Söhbət müəllifin "Renessans həsrəti” adlı iki cildlik esselər, müsahibələr kitabından gedir.