Orxan Saffari
Ölkə 15:05 19.05.2022

Təyinatsız adamlar

Yəqin ki, bu danılmaz faktı danmaq istəyən bir nəfər də nadan tapılmaz. İndi Azərbaycanda yaşamaq üçün sadəcə, bir yer tapıb başını girələməlisən. Amma bu mənzərə qınanılmalıdırmı? Kimi, necə, nəyə görə qınayaq? Problemin kökünü bilən var? Məsələn, gəlin, mən bir-iki tikə sadalayım. Tutaq ki, bir uşaq böyüyüb baytar olmaq istəyir. İstəyir ki, it-pişik sağaltsın, mala-qoyuna baxsın, amma onu məcbur edirlər ki, sən mütləq insan cərrahı olmalısan. O da böyüyür, olmağına olur insan cərrahı, amma gəlib xəstənin sağ ayağı yerinə sol ayağını kəsir. 

Oxumaq istəyəni oxutmurlar, oxumamaq istəyən məcbur edilir, ortaya da sonda bəxbəxt olmuş gənclik ordusu çıxır. Bu hələ çox xırda, problemin ilkin mərhələsidir. Tutaq ki, bu cür məcburi, kəllə-mayallaq da olsa, hər şey yaxşı oldu. Bu zamanda öz təyinatında gəlib otura bilmirsən. Azərbaycanda rüşvət yığışdırılsa da, qismən "şirinlik" qalıb. Məhz həmin bu "şirinlik"lər başqalarının həyatını zəhərə döndərir. Gedirsən sahən üzrə işləməyə, görürsən ağappağ bir oğlan, pambıq kimi əlləri olan bir qaqaş "uje" sənin işini görür. Çünki onun tanışının yoğundu boğazındakı boyunbağısı. Sən də neyləyirsən? Təbii ki, bir şey tapıb başını girələyirsən. 

Tək aşağı təbəqədə yox, yuxarı təbəqədə də vəziyyət bu cürdür. Açığı, hərdən düşünürəm ki, bəlkə bilmədiyimiz bir iş var, "biz cahiller ne anlarız siyasetden", amma həm də qəribə gəlir ki, yəni, bu qədərmi malam? Bəlkə, elə hər şey mən, biz düşündüyümüz kimidi? 

Götürürlər Sahil Babayevi harda boş yer varsa, orada təyin edirlər. Elə bil, "OBA" marketlər şəbəkəsidir. Axı, niyə, nə səbəbə? Kadr çatışmazlığıdır, yoxsa həqiqətən cənab nazirin hər işdən başı çıxır, bu, onun haqqıdır, biz isə burda yalandna hürməyi bacarırıq. 

Gözəl yazıçı, köhnə mozalançı, teleaparıcı Orxan bəy Fikrətoğlunu götürüb Milli Kulinariya Mərkəzinə rəhbər təyin etmişdilər. Camaat da hoydu-hoyduya saldı ki, ahahaha, Orxan yemək bişirəcək, ahaha, niyə belə zad. Beyqafil etirazlar da başladı, guya, bu, ləzzət eləməyib, düzgün deyil, haqsızlıq var. Əşşi, belə gözəlim ölkədə gətirib duzu yeməyə səy-səy əzib tökən Nüsrəti qoymayıblar, gedin ona şükür edin. Orxan yenə özümüzküdür, içimizdən biridir. Şair demiş, hamı yerli qız alsın, xeyir vətənə qalsın. İndi elə ölkədə hər şey təyinatı üzrə idi, hər şeyə etiraz elədik, kimi lazımdı apardıq oturtduq yerində, qaldı bircə rəhmətlik Fikrət bəyin oğlu Orxan bəy. Belə yerdə təkcə bunu demək olar ki, nuş olsun. Getmədisə, üstündən di bir stəkan soyuq su için. Ümumi olaraq da sulu yeməyinizə fikir verin. 

Sizə başqa bir ciddi söhbət də edim. Ordudan. Bu gün ordumuzda qəribə-qəribə halların baş verməsinin bir səbəbi də adamların üzünə baxıb hərbiyə götürməkləridir. Məsələn, "maxe"liyə. Hazırda 18 yaşlı "A.Y.E", "Çorni Delfin" havasında olan qaqaşlar əsgərliyi bitirən kimi iş tapa bilməyəcəklərini bilib, yarı yolda burulub gəlib olurlar "maxe", komandir. Özləri idarə edilməyə ehtiyaclı adamlardan nə komandir olacaq? Özü də, belə bir ciddi məsələdə. Vəziyyəti də orduda olanlar, əsgərlik çəkənlər yaxşı bilirlər. Bu barədə çox danışaram, amma təyinatı üzrə oturmayanlardan biri çıxıb başlayacaq ki, bəs, ordunun döyüş ruhunu aşağı salırsan, "maxe"lər bu ordunun döyünən ürəyidir. Təbii ki, hamısına aid deyil. Bu yerdə sevimli "maxe"lərim Fərzəliyev Kamran, Fərzəliyev Pərvin, Abbasov Vidadi, Hüseynzadə Tural və Yazıçıyev İbrahimə də salamlarımı çatdırıram. Gənc, prespektivli, əziz "maxe"lər. 

Nə bilim, əşi, canım sizə desin, ya da deməsin, canım bir az da dincəlsin. Nə qədər deyərlər, danışarlar? Dilim də ağrıyır. Mən bir az susum, siz bir az düşünün. Təyinatımız düzgün olsun bu məqamda da...

Orxan Saffari