Dünya 14:10 15.02.2024

Tokayev Paşinyana hansı mesajı çatdıracaq? (ŞƏRH)

"Kasım-Jomart Tokayev bu səfəri zamanı Nikol Paşinyana Ermənistandakı Sorosçu şəbəkənin Mərkəzi Asiya ölkələrini də narahat etdiyi barədə mesajlarını verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana gözlənilən səfərini şərh edərkən deyib.

"Ermənistan mətbuatında Tokayevin İrəvana səfər edəcəyilə bağlı məlumatlar yayılıb. Amma bu səfərin konkret detallarının nədən ibarət olduğu  açıqlanmır. Nəzərə alaq ki, Qazaxıstan Azərbaycanla kifayət qədər yaxşı münasibətlərə malikdir. Həm Türk Dövlətləri Təşkilatı daxilində, həm də ikitərəfli müstəvidə münasibətlər tarixin ən yaxşı səviyyəsindədir. Qazaxıstan Mərkəzi Asiyanın ən vacib və önəmli ölkələrindən biridir. Qazaxıstan həmçinin Rusiya ilə sıx əlaqələrə malik bir ölkədir", deyə politoloq bildirib.



Bu mənada həmsöhbətimizə görə, Tokayevin İrəvana olacaq səfəri son zamanlar Ermənistanın tamamilə Qərb mövqeyi tutması, Sorosçular vasitəsilə ölkənin Qərbin doğru yuvarlanması ilə bağlı xəbərdarlıq xarakterli ola bilər:

"Qazaxıstan prezidenti Ermənistan elitasına bu istiqamətdə müəyyən sərt mesajlar verə bilər. Digər tərəfdən, Paşinyan və ətrafı yəqin ki, Qazaxıstan prezidentinə həmin səfərin gerçəkləşməsi üçün yalvarıb. Bu baxımdan, Ermənstana investisiya yatırmaq məqsədləri də ola bilər. Lakin Qazaxıstan elitası Ermənistanla çox dərin və sıx əlaqələr quracaq vəziyyətdə deyil. Ona görə də Tokayevin səfəri çərçivəsində daha çox İrəvana Ermənistandakı Sorosçu şəbəkənin Mərkəzi Asiya ölkələrini də narahat etdiyi barədə mesajların veriləcəyini düşnürəm".
 
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaxın zamanda Ermənistana səfər edəcək. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur  Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Rüfət Sultan