Xəbər lenti

Dünya 16:27 15.04.2024

Tokayevi İrəvana aparan səbəblər (ŞƏRH)

"Tokayevin İrəvana səfəri Türk Dövlətləri Təşkilatı çərçivəsində razılaşdırılıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana olan səfərini şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, belə səfərlər dövlətlərarası münasibətlərin formalaşmasında əhəmiyyətli rol oynayır:

"Qazaxıstanın Türk Dövlətləri Təşkilatının aparcı üzvlərindən biridir. Bu ölkə həmçinin, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan dövlətlərdən biridir. Təbii ki, Ermənistanla bağlı müəyyən məsələlərdə həmişə ehtiyatlı olmaq lazımdır. Çünki Ermənistan havadarlarını tez-tez dəyişən dövlətdir. Bununla belə, Qazaxıstan prezidentinin İrəvana səfəri fikrimcə, Türk Dövlətləri Təşkilatı çərçivəsində ümumi razılaşdırılmış səfərlərdən biridir. Bu səfərlə çalışırlar ki, Ermənistanı Azərbaycanla qarşıdurmadan çəkindirsinlər və Zəngəzur dəhlizilə bağlı problemlər həll olunsun". 
 


Ekspert bildirib ki, səfər pozitiv xüsusiyyətlərə malikdir:

"Bu səfər Azərbaycan və bütövlükdə türk dünyası üçün gələcəkdə müəyyən bir rol oynaya bilər. Ermənistana kənardan göstəriş üçün verilən bəhanələri imkan qədər aradan qaldırmaq lazımdır. Qazaxıstan prezidentinin səfəri də fikrimcə, məhz həmin bəhanələri aradan qaldırmağa xidmət edir".

Lakin həmsöhbətimiz Tokayevin səfərilə Ermənistanın bu kimi bəhanələri aradan qaldıracağını da düşünmür:

"Bu, çətin məsələdir. Hər şey birdəfəlik həll olunmur. Amma kənara qoyub, təsir göstərməməyin özü də İrəvanın əks düşərgəyə yönəlməsinə şərait yaratmaq kimi qiymətləndirilə bilər". 

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Ermənistana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vahan Xaçaturyan və parlamentin sədri Alen Simonyanla görüşləri nəzərdə tutulub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?