Ekonomiks 13:07 03.11.2023

Turizm obyektlərinin vergidən azad edilməsi bu sahənin inkişafına necə təsir edəcək? (ŞƏRH)

"Paytaxta yaxın olan rayonlar, Abşeron istisna olmaqla, regionlarda olan otellər, sanatoriyalar və s. kimi obyektlərdə Vergi Məcəlləsində nəzərdə tutulan əmlak vergisindən azad olması gündəmə gəlib. Bu cür təkliflər, xüsusən regionda yerləşmə vasitələrinin fəaliyyətinin və xərclərinin azaldılması ilə əlaqədar fəaliyyətlərinin daha səmərəli qurulmasına kömək edə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov "hotel sahiblərinə 3 il tətbiq olunacaq vergi güzəşti turizm sektorunda nəyi dəyişəcək" sualına cavabında deyib. 

Onun sözlərinə görə, əslində bununla parelal digər təşviq alətlərinin də tətbiq olunması daha vacibdir: 

"Regionlarda turizm həyatının canlanmasına, iş yerlərinin açılmasına və turistlərin axınına səbəb olan bir hərəkət olardı. Ümid edək ki, bu cür addımlar davamlı olacaq. Azərbaycanda 750-yə yaxın otel və yerləşmə yeri var. Ümumi otaq fondumuz təxminən 27 min, 60 minə yaxın isə yataq fondumuz var. Bu Azərbaycan üçün böyük sayılmır".



Ekspert bildirib ki, bu cür vergi güzəştlərinin 3 il müddətinə nəzərdə tutulması kifayət qədər yaxşı zamanlamadır:

"Düşünürəm ki, bu cür güzəşt paketlərinin say çeşidi rayonlara görə daha da artırıla bilər. Son nəticədə bu regionda yeni tikinti işlərinin sahibkarlar tərəfindən aparılmasına stimul olacaq. Eyni zamanda, turizm biznesinin və turist axının regionda turist aktivliyinin istər daxili və istər xarici turistlərə yönəlmiş aktivliyin artırılmasına gətirib çıxardacaq. Əgər qarşımızda hədəf olaraq turizmin canlanması və gələcəkdə ölkəyə gələn xarici turistlərin sayının, xüsusən Dövlət Turizm Agentliyi tərəfindən qeyd olunduğu kimi, 2026-ci ilə kimi xarici turistlər 4 milyon, daxili turustlərin sayı isə 6 milyona çatacağı qeyd olunur. Düşünürük ki, bu saylara çatmaq üçün bu və digər təşviqedici metodlardan istifadə olunması çox yerində addımdır. Bunun davamlı olması əlavə olaraq turizmə bir təşviq olacaq”. 

Qeyd edək ki, regional turizmin inkişaf etdirilməsi və onların sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) vergi təşviqləri veriləcək. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb. Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq. 

Bahar Rüstəmli