Dünya 13:15 13.03.2024

Türkiyə Ermənistana hücum edəcək? - "Xəstə adamların sayıqlamaları..."

"Erməni hüquq müdafiəçisinin açıqlaması gerçəkliklə əlaqəsi olmayan sayıqlamadır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə erməni hüquq müdafiəçisi Karapet Poqosyanın Türkiyənin Ermənistana hərbi müdaxilə edəcəyilə bağlı fikirlərini şərh edərkən deyib.
 
Zərdüşt Əlizadə vurğulayıb ki, bəziləri Türkiyənin Ermənistana hücum etməsini arzulayır:



"Belə açıqlama verənlər səviyyəsiz insanlardır. Yerləşdiyimiz məkanda bu sayaq səfeh sayıqlamalara çox rast gəlirik. Xəstə adamların sayıqlamalarını isə şərh etməyinə dəyməz. Belə məsələlərə fikir verməyin. Türkiyə öz ərazisində istənilən qoşunun yerini dəyişə bilər. Buna onun tam hüququ var. Türkiyə qoşununu Ermənistan ərazisində yerləşdirməyib ki, baş verən prosesin İrəvana hansısa dəxli olsun. 

Əslində, Türkiyəyə Ermənistanla sərhədə qoşun yığması lazım deyil. Türkiyə o qədər güclüdür ki, qoşun yığmadan da Ermənistana təsir edə bilər. Türkiyə sıradan bir batalyon göndərməklə Ermənistanı darmadağın edə bilər. Odur ki, sərhədə qoşun yığılması ilə bağlı deyilənlər əhəmiyyətsiz söhbətdir".

Qeyd edək ki, Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan yerli mediaya açıqlamasında Türkiyə artilleriya sistemləri və minaatan qurğularının Ermənistanla sərhədə yerləşdirildiyini bildirib. Onun iddiasına görə, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika hücum silahları olan 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır.

Rüfət Sultan