Dünya 22:15 03.11.2022

Türkiyə ilin sonuna qədər İsveçin NATO üzvlüyünə imkan verməyəcək

2Türkiyə ilin sonuna qədər İsveçin NATO-ya üzvlük müraciətini çətin ki, təsdiqləsin. Mənbələr bildirir ki, bunun gələn il Türkiyədə keçiriləcək prezident seçkilərinə qədər baş verməsi ehtimalı da azdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

Onların fikrincə, İsveç Türkiyənin tələblərini təmin etmək üçün kifayət qədər iş görməyib. Ankara Stokholmdan PKK-ya dəstəyi dayandırmağı və onun üzvlərini ekstradisiya etməyi, həmçinin Türkiyəyə silah satışına qoyulan məhdudiyyəti aradan qaldırmağı tələb edib.

Gələn ilin iyununda keçiriləcək prezident seçkiləri ərəfəsində Rəcəb Tayyib Ərdoğanın millətçilərin dəstəyinə ehtiyacı var. "Bloomberg” mənbələri deyirlər ki, tələbləri ilə o, onların səslərini qazanmağa çalışır.

Stokholm sentyabrda Türkiyəyə silah satışına qoyulan qadağanı ləğv edib. Amma Ərdoğanın əsas tələbi PKK-nın 70-dən çox üzvünün təhvil verilməsidir.

Oktyabrın sonunda Ərdoğan xəbərdarlıq edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasına Ankaranın razılığı alınmayacaq. Avqust ayında İsveç bir Türkiyə vətəndaşını ekstradisiya edib, həmçinin öz ərazisində yerləşən "terrorçu şübhəlilərin ekstradisiya tələblərinə ehtiyatla və operativ cavab verəcəyini" vəd edib. Bu barədə "Reuters” yazıb.

"Bloomberg” mənbələri bildirirlər ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə gedəcək, ona görə də Ankara xüsusilə İsveçdən ciddi addımlar görəcəyinə ümid edir. O, əmin olmaq istəyir ki, bütün müttəfiqlər Skandinaviya ölkələrinin ittifaqa daxil olmasını ən qısa zamanda təsdiqləyəcəklər. Stoltenberq Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və digər rəsmilərlə görüşəcək.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü hazırda müttəfiqlər tərəfindən ratifikasiya mərhələsindədir. Blokun 30 üzvündən 28-i artıq Skandinaviya ölkələrinin alyansa daxil olmasını təsdiqləyib: indiyədək yalnız Türkiyə və Macarıstan bunu etməyib.

"Bloomberg” qeyd edir ki, Macarıstan ilin sonuna qədər onların ittifaqa daxil olmasını təsdiqləyə bilər.

İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün bu ilin iyununda müraciət ediblər. Əvvəlcə Skandinaviya ölkələrinin daxil olmasına qarşı çıxan Türkiyə üçtərəfli memorandumun imzalanmasından sonra etirazlarını geri götürüb. Bu sənəddə Türkiyə Stokholm və Helsinkinin NATO-ya üzvlüyü, Skandinaviya ölkələrinin isə Ankaranın bir sıra şərtlərini yerinə yetirmək istəklərini dəstəkləyəcəyini öhdəsinə götürüb. Nəticədə iyulun əvvəlində Şimali Atlantika Alyansına üzv olan 30 ölkə Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokol imzalayıb. Lakin müqavilə ratifikasiya olunmayana qədər onlar ittifaqın tamhüquqlu üzvü olmayacaqlar.

Nizami Bağırov