Dünya 14:45 11.01.2024

Türkiyə, Rumıniya və Bolqarıstan minalarla bağlı müqavilə imzaladı

Rumıniya və Türkiyənin müdafiə nazirləri, həmçinin Bolqarıstan müdafiə nazirinin müavinləri - Angel Tilvar, Yaşar Gülər və Atanas Zapryanov Qara dənizdəki ərazi sularında minalardan təmizləmə qrupunun yaradılması haqqında saziş imzalayıblar.

Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Agentlik sazişin təfərrüatlarını açıqlamayıb.

Dünən, yanvarın 11-də Bolqarıstanın Müdafiə Nazirliyi bildirib ki, saziş minalardan təmizləmə əməliyyatlarına nəzarət edəcək "MCM Black Sea” qrupunun yaradılmasını nəzərdə tutur. Nazirlik qeyd edib ki, saziş onun iştirakçılarının "qarşılıqlı fəaliyyətini və mehriban qonşuluq münasibətlərini yaxşılaşdırmaq” məqsədi daşıyır. Bundan əlavə, Bolqarıstanın Müdafiə Nazirliyi bəyan edib ki, "MCM Black Sea”nin yaradılması NATO-nun mövcudluğunu əvəz etmək niyyətində deyil.

Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılması 2023-cü ilin avqustunda Türkiyə tərəfindən irəli sürülüb. Onun məqsədi Ukraynada hərbi əməliyyatlar fonunda dəniz yollarının təhlükəsizliyini təmin etmək və mina təhlükəsinə qarşı çıxmaq olub.

Nizami Bağırov