Dünya 17:36 28.11.2022

Türkiyə sabah Finlandiya və İsveçlə NATO məsələsini müzakirə edəcək

Türkiyə, Finlandiya və İsveçin xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Pekka Haavisto və Tobias Billström noyabrın 29-da Buxarestdə Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi ilə bağlı görüş keçirəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu məlumat verib.

"Sabah Buxarestdə İsveç və Finlandiyanın xarici işlər nazirləri ilə üçtərəfli görüş keçiriləcək. Proses müsbət istiqamətdə gedir, lakin hələ də atılacaq addımlar var. Finlandiya ilə problemlər o qədər də böyük deyil. İsveçdə daha çox problemimiz var. İsveç daha çox addım atmalı olan ölkədir”, - deyə Mövlud Çavuşoğlu jurnalistlərə bildirib.

May ayında Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət ediblər. Yeni ölkələrin NATO-ya daxil olması üçün alyansın bütün üzvləri müvafiq protokolları ratifikasiya etməlidir. Hələlik bunu yalnız Türkiyə və Macarıstan etməyib. Eyni zamanda, Macarıstan artıq alyansın genişləndirilməsinə razılıq verməyə hazır olduğunu bəyan edib.

Hələ yazda Türkiyə İsveç və Finlandiya tərəfindən Kürd Fəhlə Partiyasının üzvlərini Türkiyəyə ekstradisiya etdikdən sonra sənədləri ratifikasiya edəcəklərini açıqlayıb. "Bloomberg”in məlumatına görə, Türkiyənin ilin sonuna qədər İsveçin NATO-ya üzvlük ərizəsini imzalaması böyük sual altındadır. Ankara bəyan edib ki, Finlandiya və İsveç hələlik terrorda şübhəli bilinən heç bir şəxsi Türkiyəyə təhvil verməyib.

Nizami Bağırov