Dünya 19:00 21.11.2023

Türkiyə və altı müsəlman ölkəsi Qəzzada çalışacaq ki... - "Reuters"

Bir neçə müsəlman ölkəsinin yüksək vəzifəli rəsmilərindən ibarət qrup Qəzza zolağında dərhal atəşkəsə çağırış üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəyə və digərlərinə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qrupun bu ayın əvvəlində Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ər-Riyadda keçirilən birgə sammitində yaradıldığı bildirilir.

Onun tərkibinə Türkiyə, Qətər, Misir, İordaniya, Nigeriya, Səudiyyə Ərəbistanı, İndoneziya, Fələstin Muxtariyyətinin xarici işlər nazirləri və nümayəndələri, həmçinin İƏT-in baş katibi daxildir. 

Mənbə bildirib ki, qrup, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa ilə artıq noyabrın 20-də, bazar ertəsi Pekinə səfərlə danışıqlara başlayıb, sonra isə digər ölkələrə səfər edəcək.

Nəşrin həmsöhbəti bildirib ki, təmas qrupunun əsas məqsədi atəşkəs elan etmək və Qəzzaya humanitar yardımın ən qısa zamanda çatdırılmasıdır.
Mənbə əlavə edib ki, qrupun əsas məqsədi "fələstinlilərin öz ölkələrində təhlükəsiz, sabit və firavan yaşaması üçün” beynəlxalq səviyyədə qəbul edilmiş parametrlər çərçivəsində iki dövlətli həlli təşviq etməkdir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu təşəbbüs çərçivəsində Pekinə səfər etməyib və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər etdiyi üçün qrupun noyabrın 21-də Moskvaya səfərini də qaçıracaq.

Fidan növbəti səfərlərə qatılacağını bildirib.

O, daha əvvəl müsəlman ölkələrinin Qəzzada döyüşlərin dayandırılması üçün "bütün diplomatik və humanitar vasitələrdən” istifadə etmək qərarına gəldiyini qeyd edərək əlavə edib ki, İsrailin anklavdakı hücumları həmfikir ölkələrin köməyi ilə BMT və digər platformalar tərəfindən dayandırılmalıdır.
Reuters agentliyinin mənbəsi bildirib ki, qrup noyabrın 22-də Böyük Britaniya və Fransaya səfərləri zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Nizami Bağırov