Siyasət 13:08 08.10.2022

Türkiyə və Azərbaycan diplomatlarının müştərək addımları (ŞƏRH)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin baş diplomatı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Telefon danışığı zamanı müzakirə edilən mövzuların detalları açıqlanmayıb. 

Qaynarinfo-ya açıqlamasında sözügedən telefon danışığını şərh edən politoloq Turan Rzayev fikrincə, diplomatlar Ankara və Bakı Praqa görüşündən sonra yaranan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar: 



"İndiki zamanda tərəflər arasında müzakirəsi vacib bir sıra məsələlər var. Praqada baş tutan görüşlə bağlı detallar müzakirə edilməlidir. Praqadakı görüşdən sonra bəyanat imzalandı. Bundan əlavə, Avropa İttifaqının mülki missiyası da Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərəcək. Bu məsələnin isə sərhədlərin delimitasiya və demarkasiyasına təsirinin olacağı aydındır. 

İndiki məqamda Rusiyanın da proseslərə yanaşması da olduqca vacibdir. Türkiyə ilə bununla bağlı da danışıqlar aparıla bilər. Praqada Ərdoğanla Paşinyan arasında da görüş olub. Türkiyə də sülh müqaviləsinin imzalanması prosesinin mərkəzində duran dövlətlərdən biridir. Çavuşoğlu ilə Bayramov telefon danışığında Praqa görüşü sonrası hansı addımların atıla biləcəyini, oktyabrda Brüsseldə olacaq görüşdə əsas müzakirə mövzusunun nələr olacağını müzakirə edə bilərlər. Bu baxımdan, Bakının davranışları, onun nələrdən narahat olduğu, hansı məsələlərdə narazılığın olduğu Ankaranı da maraqlandırır. Türkiyə də bu barədə məlumat almaq istəyir ki, paralel olaraq Ermənistana təzyiq və ya güzəştlərin edilməsində informasiya xarakterli məlumatlar əldə etsin”. 

Rüfət Sultan