Siyasət 11:39 12.01.2023

Türkiyənin vasitəçiliyi ilə Tiflis Sülh Memorandumu olsun

ABŞ-ın nüfuzlu "Foreign Policy” nəşri Azərbaycan və Ermənistan arasında yenidən qarşıdurma olacağı ehtimalından yazıb.
 
Cənubi Qafqazda yeni siyasi konfiqurasiyadan danışan amerikalı analitiklərin proqnozlarına görə, Azərbaycan və Ermənistan arasında yeni qaçılmaz müharibə qısa müddət davam etsə də, 2020-ci ilin 44 günlük savaşından heç də az dramatik olmayacaq.
İki ildir, israrla "biz nə etməliyik?” - deyirik.
 
Dağlıq Qarabağ münaqişəsi 44 günlük savaşın Azərbaycanın xeyrinə olan zəfərindən sonra yenə də tamamilə bitmədi. Azərbaycanın savaşdakı zəfəri və üstünlüyü bu dəfə münaqişəni daha fərqli formada qloballaşdırdı. Əslində belə deyək ki, münaqişədə alət rolunu Ermənistan oynasa da, qarşı tərəfin Rusiya olduğu, artıq "görünməz" oyunçulqdan çıxıb, real şəkildə sahəyə gəlişi beynəlxalq müdaxilənin yönünü dəyişdirdi. Rusiya dünənə qədər Ermənistanı silahlandırıb üzərimizə göndərirdisə, bu dəfə Azərbaycan Ermənistanı savaşda məğlub edib, torpağını geri alarkən, "sülhməramlı" adı ilə müdaxilə etdi. 2 ildir isə Brussel formatını əngəlləməyə cəhd edir və hələ ki istədiyinə nail olur. Amma hələ ki.
 
Nədir, Rusiyanın istədiyi?!
 
Sülh müqaviləsi olmasın, Qafqaz daim qan, münaqişə içərisində olsun. Buradakı xalqlar bir-birinə qarşı soyqırımları törətsin, normal insani və qonşuluq münasibətləri sıfırlansın, qazancları ancaq silaha getsin, elmə-təhsilə para ayırama bilməsinlər, inkişafdan geri qalsınlar, güc ola bilməsinlər. İnkişaf edə bilməsinlər ki, demokratik cəmiyyətdən də mərhum olsunlar. Çünki demokratiya cəmiyyətlərin inkişafında nəfəs kimidir. Demokratik inkişafdan geri qalan xalqlar xarici təhdid qarşısında duruş gətirə bilməzlər. Nəhayət, qlobal səbəb - bu coğrafiyanın ən qüdrətli ölkəsi olan Türkiyə bölgəyə girə, bu xalqların rəğbətini qazana bilməsin.
 
Digər bir tərəfdən Ukraynadakı uğursuzluğu Qafqazda kompensasiya eləsin. Dağlıq Qarabağda ikinci "Donbass” yaratsın. Bunun üçün gərəkirsə, İranı da Qafqaza müdaxilə üçün hazır vəziyətə gətirsin. Hətta artıq illərdir, yetişdirdiyi və ikinci planda saxladığı yeni oyunçularını dövriyyəyə buraxmaqla nə qədər mümkünsə, sülh prosesini əngəlləsin.
 
Kremlin Vardanyanı Qarabağa göndərməsi faktiki həm Paşinyanı devirə bilmək, həm də bütün mümkün ssenarilərdə hazırlığının əldən verilməməsini təmin etməkdir.
 
Bizim isə artıq tək bir yolumuz var: Türkiyənin açıq diplomatik müdaxiləsi. Bu işin başqa yolu yoxdur. Türkiyə bu gün Qarabağda birgə hərbi Monitoriq Mərkəzi kimi zatən sahədədir. Masada olması da şərtdir və reallıqdır. Qafqazın təminatı NATO ölkəsi kimi regiona ən yaxın dövlət olaraq Türkiyənin üzərinə düşür. Türkiyənin Ermənistanla, özəlliklə Paşinyan höküməti ilə ikili danışıqları sürətləndirməsi bu dəqiqə ən vacib məsələdir. Artıq sərhədlərin bağlı qalması yeni siyasi konfiqurasiyada elə də əhəmiyyətli bir fayda vermir. Bu məsələ də ayrıca müzakirə olunmalıdır. Sülhə gedən yolda bütün maneələr aradan qaldırılmalıdır.
 
Ermənistanın bu gün Rusiyanın cəngindən qurtulmaq cəhdləri artıq real çalarlar alır, Paşınyan KTMT-nin birgə təlimlərinə ev sahibliyi etməkdən imtina edir, Rusiya-Belarus ittifaqına girməkdən qeyri-rəsmi imtina edir. Rusiya sülhməramlılarının əvəzinə "BMT süıhməramlılaları gəlsin”, - deyir. Bu situasiyadan biz Qafqazda Rusiyasız gələcək qurmaq üçün bir fürsət kimi istifadə edə bilərik. Sərhədlərin açılması Qərbə söykənən Paşinyana Türkiyə-Azərbaycan müttəfiqliyinə daha isti baxması üçün yeni üfüqlər açar. Bu baxımdan, Avropa İttifaqının da dəstəyini alaraq, Türkiyə Qafqazda bir sülh memorandumu, hətta Tiflis Sülh Memorandumuna nail ola bilər.
 
Niyə Tiflis?
 
Əvvəla, sülh müqaviləsi elə Qafqazın paytaxtlarından birində imzalansın.
 
İkincisi, Gürcüstanda biz birgə yaşamın (azərbaycanlılarla ermənilərin) uğurlu modelindən nümunə kimi istifadə edə bilərik.
 
Üçüncüsü, Gürcüstan həm Türkiyə, həm Azərbaycanla dərin strateji münasibətlər içərisindədir və Ermənistanla da eyni dinə mənsubdur. Uzun illərdir, bu bölgədə dostluq, qonşuluq münasibətində olub.
 
Üç Cənubi Qafqaz ölkəsinin dünyaya çıxışı və inkişafı indi ancaq Türkiyə ilə mümkündür. Böyük Britaniya, İsrail və Pakistanın da Azərbaycanla dostluğunda Türkiyə amili ayrıca əhəmiyyət daşıyır. Avropanın enerji təminatının təhlükəsizliyini də məhz Türkiyə bölgənin sərhədində yerləşən NATO dövləti kimi öz üzərinə götürə bilər. Bu gün ən aktual məsələ əsas memarı Azərbaycan olan yeni bir Qafqazı Türkiyənin inşa etməsidir. Tiflis Sülh Memorandumu siyasi institutlar arasında, cəmiyyətdə ciddi müzakirə olunmalı, xalq bu prosesə hazırlanmalıdır. Bizim bu gün əsas istəyimiz faktiki Azərbaycan ərazisindəki sülhməramlı adı ilə müvəqqəti yerləşmiş rus qoşunlarını buradan çıxarmaqdır. Bunun da yolu bir an öncə Ermənistanı sülhə cəlb etməkdir. O sülh ki, imza atmasa, Ermənistanın özünü də bir cəmiyyət olaraq məhvə aparacaq.
 
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı