Xəbər lenti

Foto 17:06 16.10.2023

Türkmənistanda vahid Vəkillər Kollegiyasının yaradılmasında Azərbaycan təcrübəsi nəzərə alınacaq

Cari ilin 12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının dəvəti ilə "Türkmənistanda ədalət mühakiməsinə çatımlılığın təşviqi: Beynəlxalq və Avropa hüququ və təcrübəsində vəkilin rolu” adlı beynəlxalq konfransda iştirak etmək üçün Aşqabad şəhərinə rəsmi səfər edib.

Səfərdə ARVK-nın sədri A.Bağırovla yanaşı, Kollegiyanın Aparat rəhbəri Bayram Orucov da iştirak edib.

Qeyd edək ki, Türkmənistanda da ayrı-ayrı vilayətlərdə Vəkillər Kollegiyaları fəaliyyət göstərsə də, vahid milli Vəkillər Kollegiyası mövcud deyil.

Bu mənada, Avropa Şurası, Avropa İttifaqı və Türkmənistan Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş bu mühüm konfransın əsas məqsədi Türkmənistanda vahid Vəkillər Kollegiyasının yaradılması, habelə ədalət mühakiməsinə çatımlılığın yaxşılaşdırılması, təcrübə mübadiləsi, müxtəlif strategiyaların öyrənilməsində vəkillər kollegiyalarının əvəzolunmaz rolunu müzakirə etmək və bununla Mərkəzi Asiya və Avropa Şurasına üzv ölkələrdən olan vəkilləri, hüquqşünas-alimləri və digər maraqlı tərəfləri bir araya gətirməkdir.

2020-2024-cü illər üzrə Mərkəzi Asiyada Qanunun Aliliyi proqramı çərçivəsində keçirilən və 4 sessiyadan ibarət olan tədbirdə Türkmənistanın dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici Vəkillər Kollegiyalarının rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin ilk sessiyasında çıxış edən ARVK sədri A.Bağırov qonaqları salamlayıb və geniş təqdimatla çıxış edib. O, son illərdə Azərbaycanda Vəkillər Kollegiyasının keçdiyi inkişaf yolu, mövcud təcrübə, ölkəmizdə aparılan əhəmiyyətli məhkəmə-hüquq islahatları, vəkilliyin nüfuzunun artırılması, qanunun aliliyinin təmin edilməsi və vəkillik peşəsinin əsas dəyərlərinin təşviqi və qorunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, elektron tədris sisteminin yaradılması istiqamətlərində həyata keçirilmiş islahatlar, tədbirlər və ARVK-nın digər sahələrdəki fəaliyyətindən bəhs edib.

Konfrans iştirakçıları vahid və effektiv vəkillər kollegiyasının yaradılması prosesinin, problemlərinin və faydalarının öyrənilməsi mövzusunda danışıb, təkliflər irəli sürüb, mövcud problemləri dilə gətiriblər.

Daha sonra mövcud əlaqələrin gücləndirilməsi məqsədilə ARVK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və bir sıra ölkələrin Vəkillər Kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Ələlxüsus, nümayəndə heyəti tərəfindən dost ölkə Türkmənistanda vahid Kollegiyanın yaradılması istiqamətində həm ARVK-nın, həm də azərbaycanlı vəkil həmkarların dəstəyə, əməkdaşlığa daim hazır olduğu diqqətə çatdırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->