Dünya 21:20 17.12.2022

Ukrayna Krımı hərbi yolla azad edə bilər, amma... - Ağ Ev rəsmiləri səbəbləri açıqladı

Ağ Evin nümayəndəsi bildirib ki, Ukrayna Krımı azad etməyə qadirdir, bunun üçün onun hərbi potensialı var. O, bu barədə Konqres üzvlərinə deyib və əlavə edib ki, bəzi rəsmilər Rusiyanın reaksiyasından ehtiyat edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə NBC müzakirələrlə tanış olan iki ABŞ rəsmisinə istinadən yazır https://www.nbcnews.com/politics/national-security/biden-official-told-congress-ukraine-can-retake-crimea-rcna61755 .

Onun sözlərinə görə, ABŞ rəsmiləri Ukrayna ordusunun yarımadaya doğru genişmiqyaslı hücumunun Vladimir Putini nüvə silahından istifadə etməyə sövq edə biləcəyindən narahatdırlar.

Ağ Ev nümayəndəsi Konqres üzvlərinin suallarını cavablandırarkən deyib ki, Ukrayna hələlik Krımı yaxın gələcəkdə qaytarmaq məqsədini qarşısına qoymur. Onun sözlərinə görə, Krıma qarşı hərbi hücum qaçılmaz deyil. Bununla belə, o, Ukraynanın bu məsələ ilə bağlı bütün müharibəboyu dözümlülük və əzmkarlıq nümayiş etdirdiyini etiraf edib.

Bir keçmiş və iki indiki məmurun NBC telekanalına açıqlamasına görə, əsas narahatlıq ondan ibarətdir ki, Rusiyanın Krım üzərində nəzarəti üçün real təhlükə Putini çirkli bomba və ya digər nüvə qurğusundan istifadə etməyə sövq edə bilər. "Bu, qırmızı xəttdir", deyə keçmiş ABŞ rəsmisi bildirib.

Bundan əvvəl ABŞ Baş Qərargahının rəhbəri Mark Milli Krımın hərbi yolla azad edilməsinin mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.
Bununla belə, Ağ eəEv administrasiyasının rəsmisi Ukrayna Silahlı Qüvvələrinin "döyüş meydanında özlərini necə yaxşı göstərdikləri ilə dünyanı şoka salmağa davam etdiyini" söyləyib.

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, bu yaxınlarda Rusiya hərbi bazalarına PUA-larla üç ölümcül zərbə ukraynalılar tərəfindən həyata keçirilib. Baxmayaraq ki, onlar bunun Zelenski hökumətinin birbaşa göstərişi olub-olmamasının hələ də bəlli olmadığını qeyd edirlər.

Dekabrın əvvəlində pilotsuz uçuş aparatları Rusiyanın Saratov və Ryazan vilayətlərindəki aerodromuna və aviabazasına hücum edib. Onlar iki təyyarəni zədələyə biliblər. Hücum zamanı 3 rus əsgəri həlak olub. Daha sonra Kursk vilayətindəki aerodroma daha bir dron düşüb. Rusiya hücumda Ukraynanı ittiham etsə də, Kiyev bunu rəsmən etiraf etməyib.

Bundan əvvəl "Times"ın Pentaqondakı mənbəsi bildirib ki, ABŞ Kiyevi Rusiya ərazisinə zərbələr endirməkdən çəkindirməyi dayandırıb. Bu qərar Moskva tərəfindən Ukraynanın enerji infrastrukturunun mütəmadi olaraq atəşə tutulması ilə əlaqədar qəbul edilib.

NBC yazır ki, Bayden administrasiyası indi Ukraynaya Zelinski administrasiyasının uzun müddətdir tələb etdiyi ATACMS raket sistemləri və tankları kimi daha güclü silahların göndərilib-göndərilməməsinə qərar verir.

Bu müzakirələr fonunda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Rusiyanın Ukraynaya 200 min yeni əsgər göndərməyə və Kiyevə hücum etməyə hazırlaşdığını açıqlayıb.

Nizami Bağırov