Dünya 20:21 31.05.2023

Ukrayna müharibəni Rusiya ərazisinə keçirməlidirmi? - Andreas Klut

Son günlər, Ukrayna, sanki müharibəni Rusiya ərazisinə keçirib-keçirməməyi düşünür. Bəs bu yaxşı fikir ola bilərmı?

Bloomberg-in köşə yazarı Andreas Klutun yazısını təqdim edir. 

Bu həftə (köşə yazısı 26 mayda dərc edilib. - red.) hərbi qruplar Ukraynadan Rusiyaya keçib və böyük səs-küyə səbəb olub. Ruslar həmişəki kimi dərhal işğalda "ukraynalı terrorçuları” və "faşistləri” ittiham etdilər. Bu qiymətləndirmələrə fikir verməmək olar, o cümlədən, yalan üzərində ixtisaslaşan Kremldən gələn hər şeyə.

Əslində, Rusiyaya müdaxiləyə görə məsuliyyəti öz üzərinə götürən qruplar öz prezidentləri Vladimir Putinin ordusundan qaçıb indi ona qarşı və Ukrayna uğrunda döyüşən ruslardan ibarətdir. Bir qrup özünü "Azad Rusiya” legionu adlandırır. Digəri isə ultra millətçi Rusiya Könüllülər Korpusudur.

Bu rusiyalı anti-Putin qruplaşmaları haqqında çox az şey məlumdur, xüsusən də onların Kiyevdən gələn əmrlərə tabe olub-olmaması və ya avtonom şəkildə fəaliyyət göstərməsi. Lakin onların, şübhəsiz ki, Ukraynanın "Beynəlxalq Legionu” ilə, İspaniya vətəndaş müharibəsində general Frankonun millətçilərinə qarşı vuruşan "beynəlxalq briqadalar”la müqayisə edilən xarici könüllülərdən ibarət dəstə ilə çox az əlaqəsi var və ya heç bir əlaqəsi yoxdur.

Kiyev sərhədyanı hücumlarda iştirakını inkar edir. Amma gəlin, bunu bir kənara qoyub daha vacib sual verək: Rusiyaya hücumlar Ukrayna üçün strateji məna kəsb edəcəkmi?

Tarixin ən böyük sərkərdələrinin bəziləri müdafiə müharibələrində məhz bu yolla qalib gəliblər. İdeya arxa cəbhəni qorumaq üçün işğalçını ilkin cəbhə xəttindən tamamilə və ya qismən geri çəkilməyə məcbur etməkdir. 

Romalı general Stsipio Africanus eramızdan əvvəl 210-202-ci illər arasında məhz bunu etdi. Romalıların indiyə qədər qarşılaşdıqları ən qorxulu düşməni olan Hannibal səkkiz il ərzində Karfagen işğalçı qüvvələri ilə İtaliyanı qorxutdu. Və Stsipio Hannibalın bazalarını ələ keçirmək üçün Roma ordusunu İberiyaya apardı. Bir neçə il sonra Stsipio Karfagenin özünü təhdid etmək üçün Şimali Afrikaya keçdi. Yalnız bu məqamda Hannibal vətənini müdafiə etmək üçün İtaliyanı tərk etdi. Stsipio onu məğlub etdi və Roma müharibəni qazandı.

Eynilə, Ukrayna Rusiya daxilində yeni cəbhələr aça bilər. Və sonra Putin işğalçı qüvvələrinin bir hissəsini Ukraynadan çıxarıb Rusiyaya göndərməli olacaq. Bu, Rusiyanın Ukraynadakı mövqeyini zəiflədər və ukraynalılara öz ərazilərini qaytarmağa kömək edərdi. Putin də öz evində zəif görünməyə başlayacaq və çevrilişlərə - siyasi və ya fiziki cəhətdən həssas olacaq.

Ancaq Ukrayna qədim Roma, Rusiya isə Karfagen deyil və Putin, şübhəsiz ki, tarixin ən böyük hərbi dahilərindən biri olan Hannibal deyil (baxmayaraq ki, o, sonunda məğlub oldu). Strateji vəziyyət isə tamam başqadır.

Birinci fərq ondan ibarətdir ki, Putin Hannibaldan fərqli olaraq nüvə silahına malikdir və onu küncə sıxışdıracağı təqdirdə istifadə edəcəyi ilə dəfələrlə hədələyib. İndiyədək dünya, o cümlədən müttəfiqi olduğu iddia edilən Çin Putini nüvə eskalasiyasının qəbuledilməz olduğuna inandırıb. Amma Rusiya doktrinası Rusiya dövlətinin təhlükə altında olduğu zaman nüvə silahından istifadəni nəzərdə tutur. Putin dövlət üçün təhlükəni özü üçün təhlükə ilə eyniləşdirdiyinə görə, itirəcək heç bir şeyinin olmadığına qərar verə və nüvə qüvvələrindən istifadə edə bilər.

Digər fərq ondan ibarətdir ki, Ukrayna hazırda dünyanın ən döyüşkən ordusuna malik olsa da, Qərbin davamlı dəstəyinə arxalanır. Səmalarını ABŞ hava hücumundan müdafiə sistemləri ilə müdafiə edir, alman döyüş tankları ilə əks hücum planlaşdırır və F-16 qırıcıları ilə havada hökmranlıq etməyə ümid edir.
Amma indiyə qədər bütün bu yardımlar Ukraynanın yalnız öz ərazisini müdafiə etməsinə əsaslanıb. Qərbdə ən böyük qorxu NATO-nun Rusiya ilə üçüncü dünya müharibəsinə çevrilə biləcək münaqişəyə cəlb oluna bilməsidir. Bəzi Qərb ölkələri, bəlkə də 2024-cü il seçkilərindən sonra ABŞ belə, Ukraynanın hücum taktikasına keçəcəyi təqdirdə ona dəstəyi dayandıra bilər. Artıq astanada olan Qlobal Cənubun bu halda Kiyevə qarşı çıxacağı ehtimalı var.

Stsipio strategiyasının daha mürəkkəb versiyası Krıma hücum olardı.

Bu, beynəlxalq hüquqa görə, Ukrayna ərazisidir. Psixoloji baxımdan Putin və ruslar Krımı öz ölkələrinin bir hissəsi hesab edirlər, amma dünya başqa cür fikirləşir. Deməli, bu, ədalətli oyundur.

Krımı almaq Ukraynaya baha başa gələcək. Kiyevin Ukraynanın işğal altında olan digər iki bölgəsində - Xerson və Zaporojyedə Rusiya qüvvələrini üstələmək üçün uzaqmənzilli raketləri, təyyarələri və ya hava-desant qüvvələri yoxdur. Deməli, hərbçilər bu ərazilərdən və Dnepr üzərindən keçməli və ruslara qarşı baş-başa hücum etməli olacaqlar.

Daha yaxşı yanaşma Krımı Rusiyanın təchizat xətlərindən kəsmək ola bilər. Bunun üçün ukraynalılar öz yeni Qərb tanklarından və digər silahlarından istifadə edərək Zaporojyedən keçərək Azov dənizinə doğru irəliləyə, Luqansk ilə Krım arasında rusların özləri üçün qurduqları "quru körpüsünü” kəsə bilərlər. Əgər bu hücum uğurlu olarsa, ukraynalılar Rusiyanın Xerson və Krım yarımadasındakı mövqelərini uzunmüddətli perspektivdə müdafiə olunmaz hala sala bilər.
Bəxt gətirsə, Putin "bəsdir” qərarını verəcək, könülsüz şəkildə sülh danışıqlarına girəcək və birtəhər "xüsusi hərbi əməliyyatını” daxili auditoriya üçün uğura çevirəcək. Amma əgər Putin Rusiyanın özündən hərbi təzyiqə məruz qalsa, o, qalib kimi davrana bilməz, əksinə, ölkəni düşmədnən qoruduğu barədə narrativləri gücləndirməli olacaq.

Beləliklə, ukraynalılar Rusiyaya bu cür hücum etməməli və ya anti-Putin qruplaşmalarını bunu etməyə təşviq etməməlidirlər.
Yaxşı olar ki, ukraynalılar dünyaya sadəcə öz ölkələrini qoruduqlarını bəyan etsinlər. Ölkəyə qlobal dəstək almaq və Ukraynanın mümkün qədər çox hissəsini geri qaytarmaq üçün bu strategiya davam etməlidir.

Nizami Bağırov