Siyasət 01:48 01.06.2023

Ukrayna və müttəfiqləri sülh formulu sammitinə hazırlığa başlayır: WSJ-dən təfərrüatlar

Ukrayna tərəfdaşları ilə birlikdə Rusiyanın iştirakı olmadan sülh formulunun sammitinə hazırlığa başlayıb.

Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal" Ukrayna və Avropa rəsmilərinə istinadən yazır

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sülh sammiti yalnız planlaşdırılır, lakin bəzi Avropa liderləri artıq onun keçirilməsini dəstəkləyiblər. Xüsusilə, Fransa prezidenti Emmanuel Makron Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasının tərəfini və ya bitərəf mövqe tutan ölkələrin sülh formulu sammitində iştirakına lobbiçilik edir.

 Qeyd olunur ki, sülh sammiti NATO-nun Vilnüs sammitindən əvvəl baş tuta bilər.

Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak WSJ-yə verdiyi şərhdə bildirib ki, Kreml işğalçı qoşunlarını çıxarmayana qədər Ukrayna Rusiya Federasiyası ilə danışıqlar masasına əyləşməyəcək. Həmçinin, Kiyev öz əraziləri ilə bağlı kompromislərə razı olmayacaq.
"Bizə həqiqətən sülh içində yaşamaq istəyən məsuliyyətli sivil dünya üçün vahid plan lazımdır”, - deyə Yermak əlavə edib.
Avropa rəsmiləri aydınlaşdırıblar ki, onlar Ukrayna ilə birlikdə sülh formulu üzərində işləyirlər ki, bu, dünyanın digər ölkələri üçün daha məqbul olsun. Söhbət Hindistan, Braziliya, Çin və Səudiyyə Ərəbistanından gedir.
Materialda həmçinin deyilir ki, sülh sammiti Ukrayna və onun müttəfiqlərini bu beynəlxalq diplomatiyanın mərkəzinə qaytarmağa çalışacaq. Avropa rəsmiləri Kiyevin planının gələcək danışıqlarda diplomatik başlanğıc nöqtəsi kimi qəbul edilməsini təmin etməkdə maraqlıdırlar.

Avropalı rəsmilərdən biri sülh sammitinin formatı ilə bağlı sualı cavablandırarkən, "Rusiyalılardan başqa hər kəs xoş qarşılanacaq” deyib.

Sammitin NATO sammiti ərəfəsində keçirilməsi bütün dünyaya ABŞ və Avropanın Kiyevə təkcə hərbi dəstək vermədiyinə, həm də münaqişənin həlli üçün diplomatik yollar axtardığına dair siqnal ola bilər.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ilin noyabrında G20 sammitində on bəndlik "sülh formulu” təqdim edib. Buraya Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması, bütün əsirlərin azad edilməsi, təcavüzə görə məsuliyyət daşıyanlar üçün tribunal və Ukraynanın təhlükəsizliyinə təminat daxildir.

Martın sonunda o, Avropa Şurasına müraciəti zamanı Avropa ölkələrinin paytaxtlarından birində Ukrayna ilə bağlı sülh formulu sammitinin keçirilməsinə çağırıb.

"Biz uzun müddətdir ki, sülh formulu sammitinin təşkilindən danışırıq. Hamımız çox gözəl başa düşürük ki, indiki şəraitdə bir çox liderlər təəssüf ki, Ukraynaya gələ bilməyəcək. Biz Avropa paytaxtlarından birində sammit təşkil edə bilərik. Bu, Avropaya qlobal güc verməzmi? Mütləq verəcək”, - Ukrayna prezidenti qeyd edib.

Çin, Braziliya, Vatikan və Afrika ölkələrinin nümayəndələri də sülh planı üçün öz variantlarını təqdim etməyə çalışırlar.

Nizami Bağırov