Dünya 17:20 25.12.2023

Ukraynada müharibənin tezliklə başa çatması gözlənilmir - Finlandiyalı nazir

Rusiyanın Ukraynaya hücumu qlobal təhlükəsizlik və qeyri-müəyyənlik hissi yaradıb, müharibənin sonu görünmür. 

Qaynarinfo "Yle"yə istinadən xəbər verir ki, bu sözləri Finlandiyanın müdafiə naziri Antti Hakkenen Milad bayramı münasibətilə ölkə sülhməramlılarına müraciətində deyib.

Hakkenenin sözlərinə görə, Ukraynadakı münaqişənin tezliklə sona çatması görünmür.

"Rusiyanın güc siyasəti Avropada və dolayısı ilə bütün dünyada etibarsızlıq və qeyri-müəyyənlik hissi yaradıb. Əlimizdə ağrılı sübutlar var ki, böyük dövlət öz kiçik qonşusunun seçimlərinə müdaxilə etmək hüququna malik olduğunu hiss edə bilər və öz məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etməyə hazırdır”, deyə finlandiyalı nazir bildirib.

Nazirin sözlərinə görə, Finlandiya üçün 2023-cü il xüsusilə ölkənin NATO-ya üzv olduğu il kimi yadda qalacaq.

"Üzvlük vasitəsilə təhlükəsizliyimiz dünyanın ən güclü müdafiə alyansı tərəfindən təmin edildi. Bir üzvə hücumun bütün Alyansa hücum olması prinsipinə əməl edən alyans tərəfindən”, deyə Hakkenen bildirib.

Nizami Bağırov