Dünya 12:10 24.02.2024

Ukraynadan Moldovaya qaçmaq istədi, yolunu canavarlar kəsdi, sərhədçilərə zəng etdi...

"İnam” xidməti vasitəsilə Ukrayna sərhədçilərinə məlumat daxil olub. Bir nəfər sərhədi qanunsuz keçməyə cəhd etdiyini, lakin canavarları görüb qorxduğunu etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

"Sərhədi qeyri-qanuni keçməyə qərar verdim, lakin canavarlarla qarşılaşdım”, - o deyib.

Sərhədçilər xidməti it ilə həmin şəxsi Odessa vilayətinin Abamelikovo dəmir yolu stansiyasının yaxınlığında tapıblar. "Məlum olub ki, qanun pozucusu Moldovaya qanunsuz daxil olmağa cəhd edib, lakin onun qarşısını canavarlar alıb. Buna görə də o, ağaca dırmaşaraq sərhədçiləri köməyə çağırıb, ancaq etiraf onun inzibati məsuliyyətdən yayınmasına kömək etməyib", - Dövlət Sərhəd Xidməti qeyd edir.

Amma Dövlət Sərhəd Xidməti onu da bildirir ki, qeyri-qanuni sərhəd keçidləri ilə bağlı hadisələrin heç də hamısı xoşbəxt sonluqla bitmir. Tammiqyaslı işğalın başlanğıcından bəri Transkarpat bölgəsindəki Tisa çayında 20 ölüm qeydə alınıb. Xüsusilə, bu gün Tisadan bir ukraynalının cəsədinin tapıldığı, ehtimal ki, çaydan sərhədi keçməyə cəhd etdiyi bildirilir. Onun yanında daxili və xarici pasportlar, mobil telefon və bank kartları olub”, - deyə məlumatda bildirilir.

Bu gün itkin düşməsi barədə anası tərəfindən bir ay əvvəl xəbər verilən daha bir kişi axtarılır. "O, oğlunun Rumıniyaya qanunsuz getməyi planlaşdırdığını və o vaxtdan bəri əlaqə saxlamadığını bildirib. Onun axtarışları hələ də davam edir", - sərhədçilər qeyd edirlər.

Bildirilir ki, Ukraynanın Dövlət Sərhəd Xidməti bu il fevralın 18-də Moldova ilə sərhədə yaxın Odessa vilayətində sərhədçilər texniki vasitələrdən istifadə etməklə canavarların hərəkətini qeydə alıblar.

Qeyd olunub ki, yırtıcılar təkbaşına hərəkət etmir, dəstə halında dolaşırlar. Onlar xatırladıblar ki, canavar ev iti deyil və sərhədi qanunsuz keçmək fikri yaranmazdan əvvəl bunu yada salmaq lazımdır.

UNİAN-ın verdiyi məlumata görə, Zakarpatyada Ujqorod yaxınlığındakı kəndlərin sakinləri də canavarların əsl istilasından şikayətlənirlər. Yırtıcılar gecə yarısı kəndlərə bütöv dəstə-dəstə gəlirlər və bir çox ev itləri onların qurbanına çevrilib.

İnsanlar daha çox kənd yolları ilə məktəbə gedən uşaqlar üçün canavarların təhlükə yarada biləcəyindən narahatdırlar.

Alpər