Siyasət 09:00 01.06.2023

Ukraynanın qələbəsi üçün nə kifayətdir və bu, necə olacaq? - Fukuyamanın proqnozu

Amerikalı siyasi filosof Frensis Fukuyama əmindir ki, Ukraynanın Rusiyaya qarşı müharibədəki qələbəsi İkinci dünya müharibəsindən sonra nasist Almaniyasının müttəfiqlərdən aldığı total məğlubiyyətdən fərqli olacaq.

Qaynarinfo xəbər verir ki, Fukuyama bu fikri NV-yə müsahibəsində "Ukraynanın qələbəsini necə görür və bunu əsl qələbə adlandırmaq üçün nə etmək lazımdır” sualına cavab verərkən deyib .

"Düşünürəm ki, hətta ən vətənpərvər ukraynalı belə, müttəfiqlərin Almaniya və Yaponiya üzərində qazandığı qələbə kimi - ölkənin bombardman edildiyi, yoxsullaşdığı və xarici qoşunların onun ərazisini işğal etdiyi zaman olduğu qələbəni görmür", - amerikalı filosof sualı cavablandırıb.

O əmindir ki, bu, Rusiyanın başına gəlməyəcək, çünki "heç kim Moskvaya gedib Moskvanı işğal etməyəcək”.

"Buna görə də siz Rusiyanı o mənada məğlub görməyəcəksiniz. Və mən hesab edirəm ki, nüvə silahlarının olduğu bir dünyada siz Almaniyanı məğlub etdiyiniz kimi nüvə dövlətini məğlub edə bilməzsiniz”, - Fukuyama əlavə edib.

Onun fikrincə, "qələbə daha çox qismən olmalıdır". Filosof ümid edir ki, bu, Rusiyanın 2014-cü ildən sonra Ukraynada işğal etdiyi ərazilərdən qovulmasını da əhatə edəcək.

"Bu, şübhəsiz ki, əsaslı şəkildə ümid edə biləcəyiniz qələbənin həcmidir. Və əgər bu baş versə, yenə də çox vacib olacaq, çünki Putin bütün legitimliyini Ukraynadan ərazilərin ələ keçirilməsi üzərində qurub. Və düşünürəm ki, bu, demokratiya üçün çox yaxşı inkişaf, onun üçünsə pis olacaq”, - deyə Fukuyama yekunlaşdırıb.

Nizami Bağırov