Xəbər lenti

Dünya 13:28 19.04.2024

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, "Ukraynanın sağ qalması və gücü” təkcə Avropa üçün deyil, həm də ABŞ üçün vacibdir.

Qaynarinfo xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hər kəsin razılaşdığı kimi, Ukraynanın sağ qalması və gücü Avropa üçün bizdən daha vacib olmalıdır, amma bizim üçün də vacibdir!” - Tramp bildirib.

Eyni zamanda, ABŞ-ın keçmiş prezidenti mesajda avropalı müttəfiqlərini Ukraynanı dəstəkləmək üçün kifayət qədər pul xərcləməməkdə ittiham edib.

"Niyə Avropa Ukraynaya yardım üçün daha çox pul vermir? Niyə ABŞ Ukraynadakı müharibəyə Avropadan 100 milyard dollardan çox sərmayə qoyur, halbuki bizi okean ayırır! Niyə Avropa yardıma çox ehtiyacı olan bir ölkəyə Amerika Birləşmiş Ştatlarının yatırdığı pula uyğun pul vermir?” - deyə o yazıb.

"Reuters"in məlumatına görə, bu mesaj Trampın Ukraynanın sağ qalmasının ABŞ-ın mühüm təhlükəsizlik marağı olduğunu ilk etiraflarından biri olub.

Qeyd olunur ki, o, Nümayəndələr Palatasında Ukraynaya 61 milyard dollarlıq yardım paketi üçün qarşıdan gələn səsvermə fonunda bəyanatlarının tonunu dəyişib.

Agentlik bildirir ki, bəzi ifrat sağçı respublikaçılar mesajı Trampın açıq şəkildə deməməsinə baxmayaraq, onun hazırkı yardım paketinə qarşı olduğunun siqnalı kimi şərh ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->