Hüseynbala Səlimov
Siyasət 12:23 05.12.2022

Ukraynaya hücum etməklə Rusiya nə qazandı?..

Məsəl var, deyirlər ki, yolun bağrını onu addımlayanlar yarar. Düşünmək olardı ki, Rusiya Ukraynaya hücum edəndən sonra bir çox dövlətlər, o cümlədən də Moldova, Gürcüstan və Ukraynanın özü NATO və Aİ ilə bağlı planlarını birdəfəlik diplomatik arxivə göndərəcəklər. Di gəl, belə olmadı. Aİ və NATO bu prosesdən qalib çıxdı, baxmayaraq ki, Rusiya – Ukrayna müharibəsi hələ də davam edir.

Birincisi, müharibə başlayandan az sonra iki Avropa ölkəsi, Finlandiya və İsveç NATO-ya üzv olmağa qərar verdilər. Artıq əksər NATO üzvləri bu dövlətlərin üzvlük protokollarını ratifikasiya ediblər və onlar demək olar ki, Blokun üzvləridirlər.

İkincisi, müharibə GUAM ölkələrini də geriyə addım atmağa məcbur etmədi. Onlar NATO ilə bağlı planlarına bir müddət "stop!” desələr də Aİ -yə üzv olmaq səylərini davam etdirirlər. 

Bir neçə ay bundan əvvəl Aİ Ukraynanın və Moldovanın təşkilata sürətli qəbulu haqqında qərar qəbul etdi. Bu günlərdə isə Moldovo prezidenti Maya Sandu bəyan etdi ki, onun ölkəsinin qurtuluşu Aİ ilə bağlıdır. O ki qaldı NATO-ya, ölkədə, yəni Dnestryanıda olan rus qoşunları hələ bu məsələni gündəmə gətirməyə imkan vermir.

Bir sözlə, proses davam edir. Bunun ən bariz göstəricisi elə Ukrayna müharibəsinin özüdür. Kiyev Rusiya qarşısında ağ bayraq qaldırmadı, öz planlarından qəti imtina etmədi, indiki hakimiyyətini dəyişmədi, yenidən MDB-yə qayıtmadı, KTMT-a üzv olmaq fikrinə düşmədi. 

Yox, Kiyev Rusiya ilə vuruşmaq yolunu tutdu. Halbuki yaxın tarixdə, yaxın ölkələrin tarixində başqa nümunələr də olmuşdu. Uzağa niyə gedək, elə özümüzün tariximizi götürək. 1993-ci ildə Azərbaycanda hakimiyyət böhranı zamanı rəsmi Bakı MDB-yə üzv olmaq qərarı verdi. 

Əlbəttə, o dövr üçün düzgün qərar idi bu, çünki məzmunca manevr xarakterli idi. Sonrakı dövrdə Azərbaycan MDB-nin ən əsas strukturuna – KTMT-yə üzv olmadı. Həm də indi 1993-cü il deyil, 2022-ci ildir. Ukrayna ətrafındakı siyasi atmosfer başqadır. ABŞ və Avropa ölkələri  bilavasitə Ukrayna müharibəsinə qatılmasalar da, Kiyevə böyük iqtisadi və hərbi yardımlar edir, ona siyasi dəstək verirlər...

Hazırda Kiyev Moskvanın hərbi gücü haqqındakı mifi dağıtmaqdadır. Lap əvvəl bunu balaca Çeçenistan etmişdi. İndi bu yolu uğurla Ukrayna davam etdirir. Ruslar öz bayraqlarını sancmaq üçün ən kiçik fürsəti belə əldən vermirlər. Bu yaxınlarda müharibə davam etdiyi halda bir neçə şəhərdə referendum keçirdilər, bu torpaqları öz əraziləri elan etdilər. İndi həmin ərazilərdən qaçırlar...

Ümidləri qışa qalıb. Düşünürlər ki, sərt qış ukraynalıların döyüş və mübarizə əzmini qıracaq, onlar məğlub olacaqlar. Amma belə bir əlamət görünmür, döyüşlər davam edir və ruslar məğlubiyyətlərini raket hücumları ilə ört-basdır edirlər. Əgər hər şey uğurlu olsa, müharibə yaza doğru davam etsə, özü də ukraynalıların şiddətli müqavimətilə davam etsə, o halda demək olacaq ki, Rusiya hərb maşınının onurğa sümüyü artıq sınıb, ruslar ikinci Əfqanıstanın girdabına düşüblər. 

Hazırki vəziyyət indidən bunun belə olacağını deyir. Bütün hallarda, ukraynalıların bir üstünlüyü var: onlar öz torpaqlarında, öz vətənləri uğrunda vuruşurlar. Bu, çox ciddi bir amildir. Ruslarsa başqa torpaqlarda işğalçı müharibə aparırlar. Siz Rusiya telekanallarının ideoloji verilişlərinə, bu verilişlərdəki pafoslu bəyanatlara baxmayın, hər şey tamamilə başqadır və bunu qismən səfərbərlik haqqındakı sonuncu qərar göstərdi.

Ən əsası odur ki, Ukrayna müharibəsinin nəticəsi post-sovet məkanının başqa rayonlarında da özünü göstərəcək. 

Odur ki, hamı gözləyir. Necə deyərlər, cücəni payızda sayarlar. Ukrayna rəsmiləri payızda güclü əks hücumlarının olacağını demişdilər. Bu, oldu və indi qalır rusların daha bir təxminlərinin, miflərinin puç olması. Bizə elə gəlir ki, buna da çox qalmayıb.
 
Hüseynbala Səlimov