İdman 11:15 01.02.2023

Vasif Talıbovun vəzifədən getməsi "Araz-Naxçıvan”a necə təsir edib?

Cari mövsümdən Birinci Diviziona qoşulan və hazırda liderliyini davam etdirən "Araz-Naxçıvan”ın bu uğurunda təkcə komanda və məşqçilər korpusu deyil, klub rəhbərliyinin də əməyi var. Təbii ki, komandanın daha yaxşı və rəqabətədavamlı olması üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılır. Ancaq hər şey heç də bunlarla məhdudlaşmır. Klub 10 illik inkişaf proqramı da hazırlayıb…

Həm proqram, həm də yeniliklər və gələcək planlarla bağlı klubun icraçı direktor müavini Sakit Rzayev Qaynarinfo-ya fikirlərini bölüşüb. Mütəxəssis müsahibəsində maraqlı fikirlər səsləndirib:

(Müsahibənin əvvəli bu LİNKDƏ)

- Naxçıvanda baş verən son proseslər, Vasif Talıbovun vəzifəsindən getməsi kluba nə dərəcədə təsir edib?

- İdman nə qədər siyasətdən ayrı qalsa, o qədər yaxşı inkişaf edər. Həmin hadisələrin kluba heç bir təsiri olmadı. Biz siyasi deyil, sadəcə, futbol klubuyuq. Təbii ki, yazılanlar, verilən müsahibələr, istər-istəməz oyunçulara təsir edə bilər. Amma rəhbərliklə məsləhətləşirik. Onlar daim arxamızdadır. Biz fikrimizi idmana yönəltməliyik, belə deyirlər. Futbol elədir ki, zehni cəhətdən hazır olmalısan. Yoxsa heç nə etmək mümkün deyil. MOİK-lə oyunda 3:1 hesabda irəlidə olsaq da, sonradan nəticə 3:3 oldu. Klubun prezidenti paltardəyişmə otağına gəldi, başımızı dik tutmağımızı istədi. Heç-heçə edəndə, udazanda belə yanımızda olduqlarını bildirdilər. 

- Maliyyə cəhətdən də təsir etməyib?

- Xeyr, təsir etməyib. Maliyyə elə bir şeydir ki, azalarsa, problem yaranarsa, klubda da eniş olar. Bu gün klubumuz liderdirsə, futbolçular, məşqçilər üçün hər cür şərait varsa, deməli, maliyyə sıxıntısı yoxdur. Buradakı hazırlığa xərclənən məbləğlə Antalyaya təlim-məşq toplanışına getmək istəyirdik. Bir neçə futbolçunun xəstələnməsi, yol məsələləri səbəbindən Bakını seçdik. Komanda Premyer Liqaya vəsiqə qazanarsa, yenə xaricdə təlim-məşq toplanışı keçirəcəyik.

- "Araz Naxçıvan” 2014-cü ildə Premyer Liqanı yarımçıq tərk edəndə səbəb kimi hakim ədalətsizliyi göstərilmişdi. Hazırda Birinci Diviziondasız. Hakim idarəçiliklərindən razısınız?
 


-  2013-2014 mövsümündə mənə təklif gəldi, Naxçıvana fiziki hazırlıq üzrə məşqçi kimi getdim. Deməzdim ki, hakimlər qərəzli səhvlər edirlər. İnsan elə bir məxluqdur ki, işləri yaxşı gedəndə heç nə yada düşmür. Pis olanda başlayır səbəblər axtarmağa. Ona görə də işini qurarkən orataya çıxacaq bütün problemləri nəzərə almalıdır. Hakim də insandır, səhv edə, futbolçular onun üzərinə getdikcə özünü itirə bilər. Dünyanın ən güclü hakimləri də səhv edir. Bu gün futbolun sürəti, tempi o qədər artıb ki, 3 hakim bəs etmədi, qapının yanlarına da hakimlər yerləşdirildi. VAR sistemi işin içinə daxil edilib, nə qədər kameralar çəkir. Buna baxmayaraq, yenə də səhvlər olur. Səhvi düzəltməklə uğur qazana bilərsən. Şüur altına yerləşdirilmiş neqativ düşüncələrdən uzaq durmaq lazımdır. Son dönəmlərdə gənc hakimlər oyunları idarə edir. Naxçıvandakı hakimlərə seminarlar keçirilir. Hər klubun əməkdaşı futbolun 17 qaydasının, hakim qədər olmasa da, bir çox detallarını bilməlidir. Futbol bütün elmləri özündə cəmləşdirir. Statistikaya baxsaq görərik ki, bu gün tibb elmindən sonra ən çox videolar, materiallar futbolla bağlıdır. Bunu texniki tərəfdən də görürük. Yenə də səhvlər olur və olacaq. Bu gün mən səhv etmirəmsə, deməli, işləmirəm. 

- Demək olar ki, indiki "Araz Naxçıvan” 2013/2014-cü ildəki komandadan fərqli daha hakimlərlə bağlı aqressivlik göstərmir?

- Əlbəttə, heç Azər müəllim də futbolçuların hakimlərlə danışığına icazə vermir. Düzdür, müəyyən epizodlarla bağlı futbolçu etiraz edir. Amma həmin anda keçib getməlidir. Çünki mənim işim qol vurmaqdırsa, günlərlə, aylarla, saatlarla bunun üçün məşq edirəmsə, heç kimin müdaxilə etməyə haqqı yoxdur. Hakim də öz işini oyun qaydaları çərçivəsində görür. Qaydada hansısa səhvə yol verəcəksə, buna VAR müdaxilə edir. Çempionatın başlanğıcından bəri üç qırmızı vərəqəmiz olub. Hər üçü "Neftçi-2” ilə oyunda futbolçularımıza göstərilib. İkisi ikinci sarı vərəqədən sonra olub. Digərində də qapıçımız cəzalandırılıb. Bu da oyunun aqressivliyindən irəli gəlib. Ona görə də komandanın irəliləməsinə köklənmək lazımdır. 

- "Araz Naxçıvan” Premyer Liqaya iddia edir. Mütəxəssis kimi oradakı klubların, ümumiyyətlə çempionatın durumunu necə dəyərləndirirsiniz?

- Son dönəmlərdə klublar tam peşəkarlığa doğru gedirlər. İstəyirlər ki, infrastrukturu, meydançaları olsun. Aşağı yaş qruplarına fikir verməyə başlayıblar. Bir çox klublar "Qarabağ” modelini qurmaq istəyir. Çünki o komanda bizim Avropadakı üzümüzdür. İndiki "Qarabağ”ı 5 il əvvəlki ilə müqayisə edək. Qurban Qurbanov özünü sübut etmiş məşqçidir. Amma ovaxtkı Qurbanovla, indiki arasında çox fərq var. Futbola baxışı dəyişib, Avropada uğur qazanıb. Məşqçilər rəqibləri analiz etməklə inkişafa doğru gedirlər. Bütün komandalarda məşqlər demək olar eynidir. Bizi Avropadakı məşqçilərdən fərqləndirən işə yanaşma, maliyyə və analizdir. Futbol komandaları da belədir. Bu gün çempionatın səviyyəsini qaldırmaq istəyiriksə, komandaların hamısı mütləq şəkildə güclənməlidir.

- Mövsümün sonunu necə proqnozlaşdırırsınız?

- Düşünürəm ki, "Qarabağ” çempion olacaq. Digər rəqiblər yalnız "Qarabağ”ı düzgün analiz etmək və mübarizə aparmaqla nəsə əldə edə bilər. "Turan Tovuz”la oyunda da bu göründü. Tovuzlular meydançanın hər qarışı uğrunda mübarizə aparırdı. Futbol elədir ki, aqressivlik mütləq olacaq. 11 futbolçu bir yumruq kimi birləşərsə, o zaman nəsə edə bilər. "Sabah” gənc komandadır. Məşqçi işi görünür. "Neftçi” əvvəlki kimi deyil. Çünki stabil oyun sərgiləyə bilmirlər. Yeni məşqçi gəlirsə, istər-istəməz komandada çox şeylər dəyişir. Onun ehtiyac duymadığı futbolçular mütləq olacaq. Ya əlindəkini qəbul edib işləyəcək, ya da göndərib öz istədiklərini gətirməlidir. O zaman klubun da büdcəsinə ziyan vurulur. Eyni zamanda iş yenidən başlanmış olur. Ayxan Abbasov, Samir Abasov istəkli məşqçilərdir. Baş məşqçi necədirsə, komandası elədir. Məsələn, düşünürəm ki, Abasovun aqressivliyi hələ "Sumqayıt”a yansımayıb. "Kəpəz”də Tərlan Əhmədov öz yerində. Şahin Diniyevin milli komanda təcrübəsi var. Futboldan kənarda qalan mütəxəssisimiz var. "Şamaxı”da böyük işlər gedir. Cavid, həm də Vüqar savadlı məşqçilərdir. "Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun həm "Qarabağ”, həm milli təcrübəsi var. Amma hələ ki, istədiyi oyunu "tuta” bilmir. Onlar çox işlədikcə, rəqiblərin analizlərini apardıqca daha da inkişaf edəcəklər. 

Səbuhi Həsənov