Siyasət 13:17 30.11.2022

Vaşinqton Bakıya hansı təklifləri edib? - Ekspert

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri Filip Rikeri qəbul edib. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb. 

Politoloq Elşən Mirzəoğlu Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, Azərbaycanla ABŞ arasındakı münasibətlərdə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edən bir sıra məsələlər var: 

"Azərbaycan Prezidentinin ABŞ Dövlət Departamenti nümayəndəsilə görüşdə maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub. İlk növbədə ABŞ ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola böyük önəm və əhəmiyyət verir. Çünki Avropanın enerji asılılığından qurtulmasında Azərbaycanın özünəməxsus imkanları var. Azərbaycanın bu problemin həllində iştirakı hər zaman Vaşinqtonun diqqət  mərkəzində olub. 

Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə verdiyi dəstəyə də ABŞ rəsmiləri böyük önəm və əhəmiyyət verib. Nəhayət, Azərbaycanın strateji bölgədə yerləşməsi, böyük ipək yolu, Şərqi Zəngəzur dəhlizinin perspektivdə açılması ilə bağlı məsələlər əslində Vaşinqtonun da maraqlarına cavab verməlidir. Çünki bu halda Avropanın Çinlə münasibətlərində yükdaşımalara sərf ediləcək vaxtın kifayət qədər azaldılması və mənfəətin daha da yüksəldilməsi bir qayda olaraq hər zaman ABŞ-ı düşündürüb”. 

Ekspertə görə, bütün hallarda ABŞ-ın Qarabağ probleminin həllində bundan sonrakı iştirakı məsələsi də gündəm mövzusu ola bilər:

"ABŞ Rusiyanın Cənubi Qafqazda öz nüfuzunu artırmaq istəyindən müəyyən mənada qayğılanır. Hazırda MDB məkanına təsir etmək uğrunda geosiyasi rəqabət yeni mərhələyə daxil olub. Azərbaycan Avropa və ABŞ-la münasibətlərində hər iki tərəfin Qarabağ probleminin həllindəki məsələyə nə dərəcədə töhfə verib-verməyəcəyində maraqlı olub. Bakı bütün tərəflərlə əməkdaşlığın inkişaf və genişləndirilməsində maraqlıdır.  

Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Ona görə də Bakı həmişə öz milli maraqlarından çıxış etməklə disbalansı gözləyib. ABŞ ilə münasibətlərimiz də bu rakusda qurulub və bundan sonra da belə müstəvi üzərində inkişaf edəcək”. 

Rüfət Sultan