Dünya 15:19 19.01.2023

Vaxtanq Kikabidze dəfn edilir: Onun qəribə vəsiətinə əməl edildi

Bu gün, yanvarın 19-da Tbilisidə məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin dəfn mərasimi keçirilir. O, öz vəsiyyətinə görə köhnə Vera qəbiristanlığında, anasının yanında dəfn olunacaq.

Yanvarın 19-da səhər Kaşveti məbədində keçirilən anım mərasimindən sonra onun tabutu son vida mərasimi üçün Tbilisi Filarmoniyasına aparılıb. Vida mərasimində Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenkonun iştirak edəcəyi və prezident Volodimir Zelenskinin bəyanatını oxuması planlaşdırılır. 

Kikabidzenin tabutu iki bayraqla örtülüb - Gürcüstan və Ukrayna bayrağı. 

Qaynarinfo Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu, ailənin mərhumun vəsiyyəti üzrə qərarı olub.
 
Əfsanəvi sənətçi 2023-cü il yanvarın 15-də dünyasını dəyişib. Son illərdə Kikabidze ağır xəstə idi.

1980-ci ildə Gürcüstanda xalq artisti adını alan Kikabidze 60-70-ci illərdə "Mimino”, "Ağlama!”, "Dağlarda görüş” və digər filmlərdəki rolları sayəsində məşhurlaşıb.

2008-ci ildə Kikabidze Rusiyanın Gürcüstana müdaxiləsi ilə əlaqədar Rusiyada çıxışını dayandırıb və orada əvvəllər aldığı bütün mükafatları geri qaytarıb.

O, Ukraynanı fəal şəkildə dəstəkləyib. 2013-cü ildə Ukraynanın əməkdar artisti adına layiq görülüb.

Gürcü aktyor 2014-cü ildə Krımın ilhaqını və 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini pisləyib. Kikabidze son vaxtlara qədər ukraynalıları dəstəklədiyini bildiririb. Ötən ilin avqustunda o, yubiley konsertindən bütün qonorarını Ukrayna Silahlı Qüvvələrinə kömək etmək üçün sərf edib.

Nizami Bağırov