Dünya 11:15 04.12.2023

Venesuelalılar qonşu Qayananın böyük hissəsinin ölkəyə daxil olmasını təsdiqlədi

Prezident Nikolas Maduranın təşkil etdiyi referendumda Venesuela vətəndaşlarının təxminən 95%-i qonşu Qayananın qərb hissəsinin - Essekibonun ölkə tərkibinə daxil edilməsinə səs verib. Mübahisəli ərazidə zəngin neft və qaz yataqları aşkar edilib. Qayana prezidenti İrfaan Əli referendumu Venesuelanın Essekibonun işğal etməsinə səbəb adlandırıb.  

Qaynarinfo xəbər verir ki, səsvermənin nəticələri barədə "The Financial Times” məlumat yayıb.

"Biz özümüzə məxsus olanlar və azad edənlərin bizə qoyub getdiklərinin - Qvina-Esekibanın geri qaytarılması uğrunda mübarizədə yeni tarixi mərhələnin ilk addımlarını atdıq”, deyə Nikolas Maduro bildirib. 

Venesuela Milli Seçki Şurasının rəhbəri bildirib ki, referendumda 10 milyondan çox insan səs verib və mahiyyəti qonşu ölkənin ərazisinin yarıdan çoxundan yeni ştatın yaradılmasından ibarət olan beş suala seçicilərin 95,4%-i leyhinə səs verib.

Qayana prezidenti İrfaan Əli dünən axşam televiziya ilə çıxış edərək ölkəsinin vətəndaşlarını güclü beynəlxalq dəstəyə və dünyanın Venesuelanın hərəkətlərinə yaxından diqqət yetirəcəyinə inandırıb.

Referendum 160 min kv.km ərazisi olan Qayananın qərb hissəsində yerləşən Essekibonun kimə məxsus olması ilə bağlı münaqişənin yeni mərhələsinin başlanğıcını göstərir. Orada ingilis və yerli dillərdə danışan təxminən 200.000 qayanalı yaşayır. 2015-ci ildə "ExxonMobil" onun sahillərində neft aşkar edib. 

1966-cı il fevralın 17-də Venesuela və Qayana Cenevrə müqaviləsini imzalayıblar. Sazişə əsasən, bölgədəki ərazi mübahisələrinin həllində Qayana Britaniya imperiyasının varisi kimi tanınıb. 

Beynəlxalq ictimaiyyət daha əvvəl də Essekibonu Qayananın bir hissəsi kimi tanıyıb. Məsələn, 1899-cu ildə Paris Arbitraj Məhkəməsi Essekibo ərazisini Qayananın bir hissəsi kimi tanıyıb. Venesuela hakimiyyəti bu qərarın ləğv edilməsini istəyir. Qayana 1899-cu il qərarının təsdiqini tələb etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Referendumdan bir müddət əvvəl məhkəmə Venesuelaya Qayananın bu əraziyə nəzarətinə etiraz edəcək hərəkətlər etməməyi əmr edib. Lakin məhkəmə referendumun keçirilməsini qadağan etməyib. Üstəlik, referendumda qoyulan suallardan biri də ərazi mübahisəsinin Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasından çıxarılmasıdır.

Qayana prezidenti narahatdır ki, daha böyük və hərbi cəhətdən güclü ölkə olan Venesuela referendumun nəticələrindən hərbi müdaxiləyə haqq qazandırmaq üçün istifadə edə bilər. Eyni zamanda, Nikolas Maduro bildirib ki, regiona müdaxilə planları yoxdur və referendum Venesuela hakimiyyətinin mümkün danışıqlarda əhalinin dəstəyini cəlb etməsi üçün keçirilir. Hər iki ölkə ilə həmsərhəd olan Braziliyanın hakimiyyət orqanları səsvermə ərəfəsində sərhədlər boyu hərbi mövcudluğunu artırıb.

Nikolas Maduro Karakasın Essekibo ilə bağlı hansı addımlar ata biləcəyini qeyd etməyib, lakin yüksək seçici fəallığını qeyd edib. O, çıxışının əvvəlində referendumu "məşvərətçi” adlandırıb.

Venesuelanın müxalif siyasətçiləri referendumu Nikolas Maduronun 2024-cü ilin ikinci yarısında keçiriləcək prezident seçkiləri ərəfəsində seçicilərin dəstəyini qazanmaq cəhdi kimi qiymətləndiriblər.

Nizami Bağırov